Lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC-nin lisenziya almadan ödəniş xidmətləri göstərdiyi üzə çıxıb. Müvafiq pozuntu halı ilə əlaqədar şirkət barədə “Mərkəzi Bank haqqında” qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər görülüb, o cümlədən quruma ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.