Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq
Prezident İlham Əliyev “Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. SİA xəbər verir ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaq.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək və digər məsələləri həll etmək tapşırılıb.