Sosial

Valideynlər uşaqları dinləyirmi, yoxsa yalnız nəzarət edirlər?


“Bu gün bağçalarda və məktəblərdə valideynlər uşaqlarını onlayn sistemlə, kameralar vasitəsilə izləməyi üstün tuturlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu nəzarət anlayışı artıq bəzi hallarda xəstəlik səviyyəsinə çatıb: “Valideyn uşağın həyatının hər bir anına nəzarət etmək istəyir. Amma bu, gələcəkdə ciddi psixoloji problemlərə səbəb ola bilər. Uşaq böyüyüb şəxsiyyət kimi formalaşmağa başlayanda, azadlıq istəyəndə, artıq dərk edəndə ki, o nəzarət altında olmaq istəmir, bu zaman həm uşaq, həm də valideyn üçün travmatik vəziyyətlər yarana bilər. Valideyn özünü pis hiss edəcək, tək qalacaq, övladına qarşı aqressiya göstərəcək və övladını özünə borclu hesab edəcək: “Mən səni belə böyütmüşəm” düşüncəsi ilə. Amma gəlin bir az da uşağın baxış bucağından düşünək: Uşaq nə istəyir? Müşahidələr göstərir ki, valideynlər çox vaxt uşağa özlərinin sevdiyi oyuncağı alırlar. Yəni seçim uşağın deyil, valideynin istəyinə əsaslanır. Və yaxud çoxlu şirniyyat alırlar, ya da istənilən istəyə dərhal reaksiya verirlər. Bu isə uşağın ehtiyacını deyil, valideynin öz eqosunu təmin etməkdir. Valideyn özünü “mükəmməl ana/ata” kimi hiss etmək üçün bu cür davranır. Lakin sual olunur: Həqiqətənmi bu uşağa lazımdır? Azadlıq vermək çox gözəl anlayışdır, amma bu azadlığın sərhədi olmalıdır. Həddindən artıq azadlıq və nəzarətsizlik uşağın inkişafına mənfi təsir edə bilər. Həmçinin bu gün ailədə “iki ana” obrazı yaranıb. Atalar da ana rolunu oynayır. Artıq ailədə dominant, fikrini sərt şəkildə ifadə edən ata obrazı demək olar ki, yoxdur. Halbuki ailədə bir tarazlıq olmalıdır: ana həlimliyi, ata isə qərarlılığı və məsuliyyəti təmsil etməlidir. Bu balans pozulduqda, ailə strukturu və uşaq psixologiyasında problemlər yaranır. Bununla yanaşı, bu gün çox vaxt “valideyn övladla dost olmalıdır” ideyası ön plana çəkilir. Avropa dəyərləri ilə yaşamağa çalışırıq, amma bizim mental və genetik kodlarımız fərqlidir. Biz nə qədər çalışsaq da, daxili mahiyyətimizi tam dəyişdirə bilmərik. Dəmir qapı taxta qapı ola bilməz, taxta da dəmirə çevrilə bilməz. Tərkib nədirsə, onunla uyğun yaşamaq lazımdır. Bu baxımdan, bu gün valideyn-övlad münasibətlərini düzgün şəkildə tarazlamaq vacibdir. Həm sərhəd, həm də sevgi ilə qurulan münasibət uşağın sağlam psixoloji və sosial inkişafı üçün əsas şərtdir”.

Müəllif: Günel Rəşadqızı