İqtisadiyyat

“Bu status Şuşanın beynəlxalq turizm brendinə çevrilməsinə töhfə verəcək”


“Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb”. Bu sözləri SİA-ya açıqlmasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, bu qərar 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında qəbul olunmuş və xalqımızın mədəniyyət beşiyi olan Şuşanın beynəlxalq turizm arenalarında xüsusi yerə sahib olduğunu bir daha təsdiqləmişdir: “Şuşanın belə bir yüksək statusa layiq görülməsi təkcə tarixi-mədəni irsimizin tanınması deyil, həm də Azərbaycanın aparıcı turizm mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımdır. Bu status İƏT üzv dövlətləri ilə turizm sahəsində əməkdaşlığın genişlənməsinə, Şuşanın isə beynəlxalq turizm brendinə çevrilməsinə töhfə verəcəkdir. Milli irsimizə göstərilən bu ali diqqət və ehtirama görə dövlətimizin başçısına dərin təşəkkürümüzü bildirir, 2026-cı ilin Şuşa üçün yeni uğurlar ili olacağına inanırıq!”- deyə millət vəkili əlavə edib.