Daha 1200 həlak olmuş ukraynalının cənazəsi vətənə qaytarılıb
Ukraynaya daha 1200 nəfər həlak olmuş ukraynalının cənazələri qaytarılıb. Onların bir hissəsi hərbçilərdir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya tərəfinin iddiasına görə, qaytarılan cəsədlər Ukrayna vətəndaşlarına, xüsusilə də hərbi qulluqçulara məxsusdur.
Qeyd edək ki, bu repatriasiya İstanbul razılaşmaları çərçivəsində həyata keçirilib.
Cəsədlərin qaytarılması Ukrayna Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Birgə Mərkəzin, Silahlı Qüvvələrin, Daxili İşlər Nazirliyinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkilinin Ofisinin, Xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkil katibliyinin, Fövqəladə Hallar Dövlət Xidmətinin və təhlükəsizlik və müdafiə sektorunun digər qurumlarının birgə işi nəticəsində mümkün olub.
Yaxın günlərdə DİN-in ekspertiza qurumları və hüquq-mühafizə orqanlarının müstəntiqləri tərəfindən qaytarılmış cəsədlərin ekspertizası və şəxsiyyətin identifikasiyası həyata keçiriləcək.
“Beynəlxalq Qırmızı Xaç Komitəsinə göstərdiyi əməkdaşlığa görə təşəkkür edirik”, – deyə Qərargahdan bildirilib.
Eyni zamanda, Koordinasiya Qərargahı repatriasiya edilmiş cəsədlərin daşımasını təşkil edən və onların DİN-in müvafiq qurumlarına, eləcə də Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza müəssisələrinə təhvil verilməsində iştirak edən Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə xüsusi təşəkkürünü bildirib.
Xatırladaq ki, iyunun 2-də İstanbulda keçirilmiş danışıqların ikinci raundu zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri ağır yaralı və ağır xəstə hərbi əsirlərin, eləcə də 18–25 yaş arası əsirlərin “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan başqa, təxminən 6 min həlak olmuş hərbçinin cəsədinin repatriasiyası barədə də razılıq əldə olunub.