DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. DSX-dən SİA-ya bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışıb, bu qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu bildiriblər.
Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, Ulu Öndərin uzaqgörən siyasəti və milli maraqlara əsaslanan yanaşması nəticəsində Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən xilas olunduğu, ordu quruculuğunun, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi islahatların uğurla həyata keçirildiyi qeyd olunub.
Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan regionda söz sahibi olan güclü dövlətə çevrilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Dövlətimizin başçısının qətiyyəti, strateji baxışı və müdrik rəhbərliyi sayəsində ölkəmiz bu gün müasir dövrün bütün çağırışlarına uğurla cavab verməkdədir.
Tədbirin davamında şəxsi heyətə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb və Milli Qurtuluş Gününə həsr edilmiş filmə baxılıb.