Siyasət

“Hadisələrin hər ikisi dövlətçiliyin əsas sütunlarından biri kimi qiymətləndirilməlidir”


“Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin məhz iyun ayının 15-də, Şuşa şəhərində imzalanmasının özünün xüsusi əhəmiyyəti var. Çünki 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin təməlləri atıldı və bu yol bizi Şuşanın azad olunmasına, torpaqlarımızın işğaldan azad edilməsinə qədər gətirib çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, əgər 15 iyun – Qurtuluş Günü olmasaydı, biz bu gün Şuşaya qayıda bilməzdik. Və əgər Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” siyasi tezisi olmasaydı, biz bu gün Şuşada Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsini imzalaya bilməzdik: “Düşünürəm ki, bu iki tarix – həm 15 iyun 1993-cü il, həm də 15 iyun 2021-ci il – bir-biri ilə birbaşa bağlıdır. Hər iki tarix Azərbaycanın müstəqilliyinin simvoludur. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdışı və 2021-ci ildə Şuşada imzalanan Şuşa Bəyannaməsi.

Bu sənəd Türkiyə-Azərbaycan münasibətlərinin gələcək perspektivləri baxımından, hazırda olduqca mürəkkəb bir regionda ən çətin məsələlərin həlli, təhlükəsizliyimizin təmin olunması, ortaq maraqlarımızın qorunması baxımından son dərəcə əhəmiyyətli və tarixi məna daşıyır. Ona görə də bu mühüm tarixi hadisələrin hər ikisi Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri kimi qiymətləndirilməlidir”.