Paytaxtda əhali artımı 30%-i keçdi
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsi və Bakı Şəhər Statistika İdarəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, son 25 ildə paytaxt sakinlərinin sayı 30,5% və ya 549,8 min nəfər artaraq 2 351 300 nəfərə (01.01.2025) çatıb. SİA xəbər verir ki, 2000-ci ildə paytaxt sakinlərinin sayı 1 801 500 nəfər olub. Həmin il Bakı şəhəri 11 rayondan ibarət idi və əhalisinin sayına görə Xətai rayonu 217 min nəfər ilə paytaxtın ən çox əhalisi olan rayonu statusunu daşıyırdı. İkinci sırada 216,8 min sakin ilə Yasamal rayonu yer alırdı. 211,4 min nəfər əhalisi olan Binəqədi rayonu isə üçüncü sırada qərar tutmuşdu.
Lakin son 25 ildə Sabunçu əhalisinin sayı 73,4% və ya 140,2 min nəfər artıb. Cari ilin əvvəlinə olan göstəricilərə görə, Sabunçu rayonu 331,3 min sakin ilə Bakı şəhərinin ən çox əhali məskunlaşdığı rayonuna çevrilib.
Son 25 ildə Binəqədi əhalisinin sayında 46% və ya 97,2 min nəfər artım qeydə alınıb. 2025-ci il 1 yanvar tarixində qeydə alınan rəqəmlərə əsasən, paytaxtın ikinci ən böyük rayonu Binəqədi rayonudur və burada 308,6 min nəfər əhali yaşayır.
Son 25 ildə Xətai rayonunun əhalisinin sayı 27,6% və ya 60 min nəfər artıb. Məhz bunun nəticəsidir ki, cari ilin əvvəlinə olan statistikaya əsasən, əhalinin sayına görə sıralamada üçüncü yeri 277 min əhali ilə Xətai rayonu yer alıb.
Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Bakı şəhərində 12-ci rayon – Pirallahı rayonu yaradılıb. Pirallahı rayonu əhali sayına görə sıralamada son sırada yer alır. 2013-cü ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Pirallahı rayonunun 18,2 min sakini olub. Cari ilin əvvəlinə olan statistikaya görə isə rayonun 18,8 min sakini var.
Qeyd edək ki, zamanla dəyişən sütun qrafikində 2019-2020-ci illərdə nəzərəçarpan artım və azalmaların səbəbi 2020-ci ildə Bakı şəhərinin rayonları üzrə əhali sayının dəqiqləşdirilməsi prosesinin aparılması ilə bağlıdır.