İqtisadiyyat

“Sərnişindaşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır”


“Son illər ərzində Azərbaycanda sərnişin daşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Xüsusilə Uber, Bolt, Yandex kimi beynəlxalq onlayn taksi platformalarının ölkə bazarına daxil olması taksi xidmətlərində əhəmiyyətli dərəcədə ucuzlaşma və əlçatanlığın artması ilə nəticələnmişdir. Bu platformalar vasitəsilə göstərilən xidmətlər sürət, rahatlıq və əlverişli qiymətlərlə seçildiyi üçün qısa müddət ərzində geniş istifadəçi auditoriyasına sahib olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, əvvəllər, bazarda “*777”, “*1111” kimi bir sıra yerli taksi şirkətləri kifayət qədər aktiv fəaliyyət göstərirdi: “Onlar əsasən fərdi şəxslərin avtomobillərini xidmətə cəlb etməklə taksi sahəsində öz mövqelərini qoruyurdular. Lakin rəqəmsal platformaların gətirdiyi texnoloji üstünlüklər və qiymət rəqabəti fonunda bu şirkətlərin əksəriyyəti fəaliyyətlərini məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq məcburiyyətində qaldılar.

Bu prosesə yalnız neqativ prizmadan baxmaq düzgün olmazdı. Əslində, burada söhbət inhisarçılıqdan deyil, sərbəst bazar iqtisadiyyatında baş verən normal rəqabət prosesindən gedir. Uber və Bolt kimi beynəlxalq şirkətlərin fəaliyyəti nəticəsində bazarda tələbat və təklif arasında daha səmərəli balans yarandı, qiymətlər sabitləşdi və xidmətin keyfiyyəti yüksəldi”.

Ekspert qeyd edib ki, digər tərəfdən, bu rəqabət nəticəsində vətəndaşlar daha ucuz, sürətli və keyfiyyətli xidmətlərdən istifadə etmək imkanı qazandılar: “Bu da göstərir ki, açıq bazar iqtisadiyyatında rəqabət yalnız şirkətlərin deyil, həm də istehlakçıların xeyrinə işləyir.

Eyni zamanda qeyd edilməlidir ki, yerli taksi şirkətləri də müasir texnologiyalara uyğunlaşmalı, onlayn sifariş sistemlərini təkmilləşdirməli və xidmət keyfiyyətini artırmalıdırlar ki, rəqabətə davam gətirə bilsinlər. Dövlətin də bu sahədə rəqabətli mühiti qorumağa və həm milli, həm də xarici şirkətlər üçün bərabər şərait yaratmağa davam etməsi vacibdir.

Nəticə olaraq, taksi xidmətləri bazarında baş verən bu dəyişikliklər bir tərəfdən rəqabəti gücləndirmiş, digər tərəfdən isə xidmətin əlçatanlığı və keyfiyyətini artırmışdır. Bu, iqtisadi baxımdan sağlam və cəmiyyət üçün faydalı bir inkişaf kimi qiymətləndirilə bilər” – deyə o əlavə edib.