Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 160A, 193 və 503 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.
SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, 160A nömrəli şəhərətrafı (Binə “Atçılıq” yaşayış massivi – Binə qəsəbəsinin mərkəzi), 193 nömrəli şəhərətrafı (Mirzə Məhəmməd Xan küçəsi – “Lökbatan” NMM) marşrutları üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 503 nömrəli şəhərətrafı (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Sumqayıt şəhəri (Ü.Hacıbəyli küçəsi)) marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.