Fövqəladə Hallar Nazirliyinin strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturuna daxil olan qurumlarda və regional mərkəzlərdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib. FHN-dən SİA-ya verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər ölkəmizdə yaranmış dərin böhrandan, xalqımızı gözləyən faciələrdən bəhs ediblər. Bildirilib ki, səriştəsiz idarəçilik nəticəsində Azərbaycan tarix səhnəsindən silinmək, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı mürəkkəb bir zamanda xalqımızın böyük oğlu Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Məhz Ulu Öndərin titanik fəaliyyəti nəticəsində dövlətimiz məhv olmaq təhlükəsindən xilas oldu, hərc-mərcliyə və ölkəmizin düşdüyü dərin böhrana son qoyuldu. Ümummilli Liderin dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb oldu. Genişmiqyaslı, hərtərəfli islahatlar nəticəsində ölkəmiz çiçəklənmə, xalqımız rifah yoluna qədəm qoydu, qüdrətli Azərbaycan dövlətinin sarsılmaz əsasları yaradıldı.
Xüsusi vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə Qarabağ erməni separatçılarından təmizlənib. Təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyan parlaq Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir.
Tədbirlərin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.