Putin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Putin İran rəhbərliyinə və xalqına baş verən hadisələr zamanı, o cümlədən mülki şəxslər arasında çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Xatırladıb ki, Rusiya İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin yalnız sülh yolu ilə həllini daim dəstəkləyib və qarşılıqlı qəbul edilə bilən həll yollarının tapılması üçün konkret təşəbbüslər irəli sürüb.
Rusiya tərəfi İran və İsrail arasında gərginliyin azaldılması istiqamətində səylərini davam etdirmək niyyətindədir.
İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbət zamanı Prezident Putin İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesinə qayıtmağın vacibliyini vurğulayıb və vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq məqsədilə vasitəçilik etməyə hazır olduğunu bildirib.
Tərəflər bölgədə sabitliyin təmin olunması üçün Rusiya ilə həm İran, həm də İsrail rəhbərliyi arasında sıx təmasların davam etdirilməsi barədə razılığa gəliblər.