Sosial

Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb


Şəkidə güclü küləklə müşayiət olunan leysan yağışı bir sıra fəsadlara səbəb olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün səhərin erkən saatlarında şəhər ərazisində güclü küləklə müşayiət olunan leysan yağışları yağıb. Nəticədə şəhərin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində irigövdəli ağacı və elektrik dirəyini aşırıb. Beləcə, ərazidə elektrik enerjisinin təchizatında fasilə yaranıb. İrigövdəli ağac isə yaxınlıqdakı işıq dirəyinin üzərinə aşaraq onu sıradan çıxarıb.

Bundan başqa, şəhərin müxtəlif ərazilərində, eləcə də rayonun Oxud kəndində də güclü külək irigövdəli ağacları aşırıb. Qoxmuq kəndinin ərazisindən keçən Şəki-Qax avtomobil yolunda isə sel-sular qum və çınqıl gətirərək asfalt qatını örtüb.

Təbii fəlakət səbəbi ilə şəhərin bəzi hissələrində elektrik enerjisinin və suyun verilişində fasilə yaranıb.

Aidiyyəti təşkilatların əməkdaşları dərhal fəsadların əmələ gəldiyi ərazilərə cəlb olunub və qısa müddətdə onlar aradan qaldırılıb.