Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir
Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir. SİA-nın məlumatına görə, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, Qarabağın işğaldan azad olunması təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır: “Şuşa bu gün yalnız mədəniyyətin deyil, həm də tolerantlıq və sülh iradəsinin təcəssümüdür. Biz buradan siyasi düşmənçilik yox, siyasi həmrəylik çağırışı edirik”.
B.Muradova insan ləyaqətini və azadlığını qorumaq, hüquq və ədaləti müdafiə etmək, həmrəyliyi fəaliyyət kimi yaşatmağın siyasi partiyaların borcu olduğunu diqqətə çatdırıb: “Gəlin, siyasi rəqabəti nifrətə deyil, əməkdaşlığa, ideoloji fərqliliyi qarşıdurmaya deyil, birgə zənginliyə, dəyərləri isə formal şüarlara deyil, hərəkətə çevirək. Çünki tarix susanları yox, danışan və dəyişənləri xatırlayır. Ədalət və həmrəylik yolunda bir addım belə atmaq – insanlıq yolunda irəliləyişdir. İstərdim ki, siyasi institutlar, vətəndaş cəmiyyətləri, liderlər heç zaman siyasi rəqabəti düşmənçiliyə, ədaləti haqsızlığa, əməkdaşlığı qarşıdurmaya qurban etməsinlər. Qlobal həmrəyliyi gözləntidən reallığa, deklorasiyalardan fəaliyyətə çevirsinlər”.