“Azərbaycan nadir ölkələrdən biridir ki, öz müstəqilliyini qoruyaraq inkişaf edir”
“Bu tədbirin əvvəlindən bəri iştirak edirik. Bugünkü tədbirimiz olduqca böyük əhəmiyyət kəsb edir. Çünki bu tədbir çox aktual bir məsələyə – yeni dünya nizamı və onun siyasi aspektləri, çağırışları kimi mövzuya həsr olunub. Bu, bu gün hər bir cəmiyyəti və hər bir fərdi düşündürən məsələdir. Tədbirə xarici nümayəndələrin, eləcə də AK Partiyadan iştirak edən dostlarımızın qatılması xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, professor İradə Hüseynova deyib.
Onun sözlərinə görə, tədbirdə Fransa da daxil olmaqla bir çox ölkələrdən nümayəndələr iştirak edirdi. Hətta Türkiyə Cümhuriyyətini təmsil edən AK Partiya nümayəndələri də burada yer alırdılar. Eləcə də Mərkəzi Asiya ölkələrindən – Türkmənistan, Qazaxıstan və digər ölkələrdən nümayəndələr fikirlərini bölüşdülər. Mən düşünürəm ki, müzakirə olunan mövzular təkcə bu konfrans üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətlidir: “Bugünkü dünyada baş verən proseslər fonunda bu cür qlobal məsələlərin müzakirəsi çox vacibdir. Dünya nizamı dəyişir, dünya çalxalanır. Bu baxımdan, Azərbaycan nadir ölkələrdən biridir ki, öz müstəqilliyini qoruyaraq inkişaf edir. Bu inkişafın təməlini isə ümummilli lider Heydər Əliyev qoymuşdur.
Möhtərəm Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. O, böyük bir liderdir. 15 İyun – Milli Qurtuluş Günü bizə bir daha xatırladır ki, xalqımız bir vaxtlar parçalanmaq, dağılmaq təhlükəsindən xilas oldu. 1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ciddi siyasi və sosial böhranlardan qurtuldu.
O dövrdə Azərbaycan siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə idi. Xalq ölüm-dirim mübarizəsi aparırdı. Məhz xalqın çağırışı ilə Heydər Əliyev siyasətə qayıtdı və ölkəni ağır proseslərdən çıxardı. Onun xidmətlərinin ən böyüyü, dövlətçiliyimizin əsasını qoruyub saxlaması və müstəqilliyimizin davamlılığını təmin etməsidir.
O vaxtdan etibarən Azərbaycanda bütün sahələrdə böyük islahatlar aparıldı. Demokratikləşmə prosesləri sürətləndi, bələdiyyə institutu yaradıldı və geniş vüsət aldı. Dövlət quruculuğu istiqamətində əhəmiyyətli addımlar atıldı.
Vacib bir məsələ də odur ki, müstəqilliyi qazanmaq çətindirsə, onu qoruyub saxlamaq və inkişaf etdirmək daha da çətindir. Bu, yalnız güclü liderlərin bacaracağı bir işdir. Bu gün biz Azərbaycanın gələcəyinə böyük inamla baxırıq, çünki ölkəmizin başında güclü lider var.
2025-ci ilin xüsusi əhəmiyyət daşıyan bu tədbiri bir daha sübut etdi ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız artıq 30 ildir ki, dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirir. Həm ərazi bütövlüyümüz, həm suverenliyimiz, həm də milli iradəmiz qorunur.
Bütün bu uğurlar isə İlham Əliyevin düzgün strateji siyasəti və yüksək səviyyəli rəhbərliyi nəticəsində əldə olunmuşdur. Bu, asan məsələ deyildi. Uzun illər xalqımız öz dədə-baba torpaqlarına qayıtmaq imkanı əldə edə bilmirdi. Amma bu gün biz bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqının iradəsi sarsılmazdır.
Bu, təkcə ordumuzun qələbəsi deyil, xalqın da zəfəridir. 44 günlük Vətən müharibəsi və ondan sonra həyata keçirilən uğurlu əməliyyatlarla birlikdə biz böyük bir tarix yazdıq.
Bu gün Azərbaycan müstəqil bir dövlət olaraq dünyada öz sözünü deyən, etibarlı tərəfdaş olan, sabit və güclü bir ölkədir. İstər-istəməz dünyanın digər ölkələri Azərbaycanla hesablaşmalı olurlar. Bu da bir daha sübut edir ki, düzgün dövlət idarəçiliyi sayəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Bugünkü konfrans isə bir daha sübut etdi ki, bu cür forumlar çox vacibdir. Bu tədbirlər xalqları bir-birinə yaxınlaşdırır, əməkdaşlığa xidmət edir və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu forum yüksək səviyyədə təşkil olunmuşdur. Bu cür təşəbbüslər və tədbirlər davamlı şəkildə keçirilməlidir”.