“Belə tədbirlərin digər ölkələrdə də eyni səmimiyyət və fədakarlıqla keçirilməsi üçün çalışmaq lazımdır”
“Yeni Azərbaycan Partiyası artıq dörd ildir ki, bu beynəlxalq konfransları təşkil edir. Bu, həmin tədbirlərin dördüncüsüdür. Mən əvvəlki konfranslarda da iştirak etmişəm. Mənim rəhbərlik etdiyim panelin mövzusu “Ədalət naminə həmrəylik və bu sahədə siyasi partiyaların rolu” idi. Paneldə çox gözəl çıxışlar səsləndi”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib.
Onun sözlərinə görə, məndən əvvəl keçirilən panellərdə də olduqca maraqlı çıxışlar olmuşdu. Ümumi nəticə isə belə oldu: ədalət üçün sülh hər kəsə lazımdır, sülh heç kimə ziyan gətirmir və bu mövzu ətrafında ortaq fikir formalaşdı. Bu, həqiqətən də vacib məsələdir. Biz deyirik ki, bu müharibələr dayansın, Qəzzada günahsız insanlar ölməsin: “Ukraynadakı bu müharibə bitsin – yazıqdı. Eləcə də nə bilim, İranda baş verən son toqquşmalar – bunların hamısı dayansın. Bu dünya bizim dünyamızdır, gedəcəyimiz başqa bir dünya yoxdur. Buradakı bütün iştirakçılar sülhün, dialoqun tərəfdarı olduqlarını bildirdilər. Bu, çox gözəl bir tədbir oldu.
Mən şəxsən düşünürəm ki, belə tədbirlərin digər ölkələrdə də eyni səmimiyyət və fədakarlıqla keçirilməsi üçün çalışmaq lazımdır. Mən, Qafqazın parlayan ulduzu olan Azərbaycanın bu təşəbbüsünü alqışlayıram. Bu tədbir münasibətilə bir daha təbrik edirəm. Hörmətli Prezident İlham Əliyevə sayqı və ehtiramımı bildirirəm.
Bu, həqiqətən də çox önəmli bir tədbir idi. Azərbaycanımızın qonağı olduq, çox dəyərli çıxışçılar iştirak etdilər, onların fikirləri bizə yol göstərdi. Bu cür toplantılar hər il Azərbaycan tərəfindən təşkil olunur. Bilirsiniz ki, Azərbaycan beynəlxalq miqyasda səslənən COP29 tədbirinə də ev sahibliyi etmişdi.
Bu da çox önəmli bir tədbir idi. Azərbaycanın belə böyük dövlətlərdən daha artıq səylə çalışaraq tədbiri uğurla həyata keçirməsi təqdirəlayiqdir. Təxminən 70 ölkənin liderləri və nümayəndələri bu tədbirdə iştirak etdilər.
70 min, hətta 100 minə yaxın qonaq Azərbaycanda qarşılandı. Çoxmədəniyyətli tədbirlər təşkil edildi, dinlərarası dialoq toplantıları keçirildi. Biz bu tədbirlərə böyük önəm veririk. Azərbaycanda həmçinin idman yarışları – Aralıq dənizi oyunları, İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bütün bunlar bizim üçün əhəmiyyətlidir. Bu baxımdan tədbirdən çox məmnun qaldıq və sizə də uğurlar arzu edirik”.
Şamil Ayrım sözlərinə davam edərək bildirdi ki, Ermənistanla sülh müqaviləsində artıq son mərhələyə gəlinib. 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən dərhal sonra üçtərəfli bir bəyanat imzalanmışdı. Bu, atəşkəs haqqında bir sənəd idi. Orada 9 maddə var idi. Həmin maddələrdən biri – hərçənd ki, ad olaraq qeyd olunmur – Zəngəzur dəhlizinin açılması məsələsi idi.
Sonrakı proseslərdə Azərbaycan və Ermənistan tərəfləri davamlı sülh müqaviləsi bağlamaq üçün danışıqlar apardılar. Nümayəndə heyətləri yaradıldı. Mənim bildiyimə görə, hazırda 17 maddədən ibarət müqavilənin 7 maddəsi üzrə razılaşma əldə olunub, 2 maddə üzrə isə razılıq hələ əldə olunmayıb.
Bunlardan biri mənim çıxışımda da vurğuladığım məsələdir – Ermənistan Konstitusiyasında Qarabağın guya Ermənistana aid olduğunu bildirən bir maddə mövcuddur. Bu da 1991-ci ildə Ermənistan müstəqilliyini elan edərkən qəbul etdiyi Müstəqillik Bəyannaməsindən qaynaqlanır. Orada Qarabağın Ermənistana məxsus olduğu, hətta Türkiyənin şərqinin və daha bir neçə ölkənin torpaqlarının da “böyük Ermənistan” xülyasının tərkib hissəsi olduğu qeyd olunur.
Azərbaycan haqlı olaraq bildirir ki, başqa bir ölkənin torpağını öz konstitusiyasında qeyd edən bir dövlətlə sülh sazişi imzalamaq doğru olmaz.
İkinci məsələ isə ATƏT-in Minsk Qrupudur. Bildiyiniz kimi, bu qurum 30 il ərzində bu münaqişəni həll etmədi. Sonda Azərbaycan 3000 şəhid verərək problemi özü həll etdi. Allah şəhidlərimizə rəhmət eləsin.
Azərbaycan Minsk Qrupunun ləğv olunmasını istəyir. Bu baxımdan Ermənistanla birgə beynəlxalq müraciətlərdə qeyd edilir ki, nə ABŞ-a, nə Rusiyaya, nə də digər dövlətlərə bu məsələdə vasitəçilik üçün ehtiyac yoxdur. Biz bu problemi öz aramızda həll edə bilərik, deyirlər.
Hazırda bu iki maddə üzrə Ermənistan tərəfindən addım atılması gözlənilir. Təşəkkür edirəm”.