Siyasət

“Biz gələcəyə yönəlmiş məqsədlərimizi ortaya qoyuruq”


“Bugünkü tədbirdə çoxsaylı ölkələrin nümayəndələri, nüfuzlu siyasətçilər və dövlət rəsmiləri iştirak edir. Siyasi partiyaların təmsilçiləri və fərqli düşüncə daşıyıcıları ilə birlikdə Azərbaycana “xoş gəlmisiniz” deyirik. Bu gün sanki Azərbaycanın ürəyi burada döyünür. Çünki buradakı iştirakçılar sadəcə siyasətçilər deyil, həm də millət vəkilləri, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələridir”. SİA xəbər verir ki, bu sözləri konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu tədbir sıradan bir toplantı deyil – bu, gələcəyə atılmış mühüm bir addımdır. Bu gün burada olmağımız tarixə düşəcək bir hadisədir. Bu, həm də gələcəyə ümidlə baxışımızın nümunəsidir. Biz zamanın çağırışlarına cavab verərək, gələcəyə yönəlmiş məqsədlərimizi ortaya qoyuruq: “1990-cı ildə ölkəmizin tarixində çətin və taleyüklü bir dönəm yaşanırdı. Millət ümidsizlik və təhlükə içində idi. Amma bu xalq bir rəhbərlik, bir ümid axtarışında idi. Məhz həmin dövrdə ortaya çıxan liderin rəhbərliyi ilə dövlətimizin əsas təməli qoyuldu. Bu liderin siyasi kimliyi, xalqına olan sədaqəti və Azərbaycan xalqının rifahı naminə göstərdiyi xidmətləri bu gün də unudulmur.

İndi bu xidmətlərin davamçıları yola çıxıblar. Ona görə də bu tarixi gün, burada toplaşmağımız, xüsusilə Milli Qurtuluş Günü münasibətilə daha da dəyərli olur. Biz bu tədbirdə çıxışları dinlədik, müxtəlif bölgələrdə görülən işlərdən xəbər tutduq. Fikir ayrılıqları ola bilər, amma nəticə etibarilə bu müzakirələr vahid məqsədə – həmrəylik və inkişaf yoluna yönəlir.

Bu baxımdan, “Ədalət” paneli xüsusilə diqqətəlayiq idi. Siyasi partiyaların əsas məqsədi vicdanla xidmət göstərməkdir. Fərqli səslər, müxtəlif düşüncələr eyni məqsədə – xalqa xidmətə yönəlməlidir. Tarix boyu müxtəlif çətinliklərdən keçmiş insanlar bu gün də bir araya gəlməli, birgə siyasi iradə nümayiş etdirməlidirlər.

Liderlərin məsuliyyəti böyükdür. Onlar cəmiyyətə düzgün yol göstərməli, siyasi sistemin sağlam əsaslar üzərində qurulmasını təmin etməlidirlər. Bugünkü tədbir də bu mənada xüsusi əhəmiyyət daşıyır – həm keçmişə hörmət, həm də gələcəyə yönəlik bir çağırışdır”.