Siyasət

“Şuşa təkcə bir şəhər deyil, bir mədəniyyətin daşıyıcısıdır”


“Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin tarixində bir mərhələ olan Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasının dördüncü ildönümünün sevincini və qürurunu yaşayıram”. SİA xəbər verir ki, bu sözləri Şuşada dava edən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib.

O sözlərinə davam edərək bildirib: “Əziz qardaşlarım, Ümummilli Lider Heydər Əliyevin “əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə” kimi andığı Şuşa, malik olduğu dini, tarixi və monumental abidələri ilə yanaşı, yetirdiyi görkəmli sənət və fikir adamları ilə də Türk dünyasının qəlbində taxt qurmuşdur. Bu gün burada bir tarixin, bir mədəniyyətin və bir xalqın ruhunda görüşürük. Mədəni irsi, sənəti, musiqisi, memarlığı və ruhu ilə Şuşa təkcə bir şəhər deyil, bir mədəniyyətin daşıyıcısıdır.

Nəticə etibarilə, həmşəhərim, böyük şair Nəfinin ifadəsi ilə desək, Şuşada:

“Erdi yenə erd-i behişt, oldu hava ambər-şirişt,

Alem behişt ender behişt, her küşe küncə bir bağ-ı İrem.”

Lakin təəssüf ki, bu coğrafiya tarix boyu həm də didərginliklərə və itkilərə şahidlik etmiş, bölgənin zəngin mədəni irsi məhv edilməyə çalışılmışdır. Qarabağda təxminən 30 il davam edən işğal dövrü böyük ağrılara, qəlbimizdə sağalmayan yaralara və Cənubi Qafqazda uzunmüddətli sabitsizliyə səbəb olmuşdur. Şükürlər olsun ki, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu olan azad Qarabağ, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında işğaldan azad edildi. Bu torpaqların yenidən azad olunması yalnız hərbi qələbə deyil, eyni zamanda hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür.

Xarici siyasətimizlə regional və qlobal sülhə töhfə verməyə davam edirik. Bu istiqamətdə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması da xarici siyasətimizdə prioritet yer tutur. Azərbaycanın Qarabağda tam suverenliyini bərpa etməsi ilə birlikdə bölgədə davamlı sülh və sabitlik üçün tarixi bir fürsət yaranmışdır. Bir zamanlar Qarabağın inzibati və siyasi mərkəzi kimi tanınan Şuşanın yenidən mühüm beynəlxalq toplantı və konfranslara ev sahibliyi etməsi, bölgənin gələcəyinə güclü bir ümid işığı salmaqdadır.

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan yalnızca bir zəfərin sahibi deyil o, eyni zamanda regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa da tam layiqdir. Bölgədə qalıcı sülhün təmin olunması, iqtisadi inkişaf prosesini də sürətləndirəcək və Cənubi Qafqazın rifahına ciddi töhfə verəcəkdir. Lakin bəzi Qərb dövlətlərinin ermənipərəst mövqeyi bölgədə sülh səylərinə maneə yaratmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, regional əməkdaşlığın gücləndirilməsi çətin olsa da, xarici təzyiqlərə qarşı dayanmaq üçün böyük əhəmiyyət daşıyır.

Regionun əsl sahiblərinin təşəbbüsü ilə yaranmış 3+3 əməkdaşlıq platforması isə Cənubi Qafqazda qalıcı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşmasında mühüm zəmindir. Biz hesab edirik ki, regional problemləri məhz regional ölkələr həll edə bilər. Bu səbəbdən də milli sahiblənmə siyasətini dəstəkləyirik. Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan, öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir. 3+3 platforması bu iradənin institusional ifadəsi olmaqla, ortaq maraqlar əsasında əməkdaşlığa real imkanlar açır. Qeyd edim ki, qlobal sistemin daha ədalətli və əhatəli bir formaya salınması Türkiyə xarici siyasətinin də öncül prioritetlərindən biridir”.