Yeni dünya nizamına keçid prosesi müşahidə olunur
“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən konfrans iştirakçılarına məktubunda yer alıb.
Dövlət başçısı əlavə edib: “Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir”.