12 investisiya şirkətinin məcmu xalis mənfəəti 16 %-ə yaxın azalıb
Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin 2024-cü ildə məcmu xalis mənfəəti 7,11 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,5 % azdır.
İnvestisiya şirkətlərindən 3-ü – “CFI Financial”, “Troni” və “Xalq Kapital” ötən ili zərərlə başa vurub. Hesabat dövründə “Troni”nin zərəri artıb, “CFI Financial” və “Xalq Kapital” isə mənfəətdən zərərə keçib. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 8 investisiya şirkətindən isə 3-ü mənfəətini artırıb, 4-ü azaldıb. “MFX Trading” isə zərərdən mənfəətə keçib.
Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 9,127 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 14,8 % azdır. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.
2024-cü ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 2,014 milyon manat təşkil edib. Bu da illik müqayisədə 12,6 % azdır. Həm ötən il, həm də əvvəlki il vergi ödəmiş 8 investisiya şirkətindən 5-i vergi ödəmələrini artırıb, 3-ü azaldıb. 2 investisiya şirkəti həm ötən il, həm də əvvəlki il vergi ödəməyib. 2 investisiya şirkəti isə əvvəlki il vergi ödədikləri halda, ötən il vergi ödəmələrinə qənaət edib.