Siyasət

Ermənistanda qida təhlükəsizliyi: HƏRƏKƏTSİZLİK XRONİKASI


Xəstəliklərin yayılması, ixrac məhsullarında karantin, rəsmi nəzarət və nəzarət strukturlarında korrupsiya qalmaqalları kimi siqnallar Ermənistanın aqro-ərzaq sektorunun hansı acınacaqlı durumda olduğunu göstərir. Həmin ölkənin daxilində qida təhlükəsizliyi ilə bağlı nəzarət sisteminin ümumiyyətlə işlək olub-olmaması məsələsi xüsusilə hayların özlərini də narahat edir. Hətta erməni ekspertlər özləri də hesab edirlər ki, Ermənistanda sanitariya nəzarəti çox vaxt yalnız kağız üzərində mövcud olub. Hesab edirlər ki, baytarlıq və fitosanitar sistemlərində baş verənlər məhz həmin işğalçı ölkədə əhalinin sağlamlığını və xarici bazarda nüfuzunu təmin etmək üçün nəzərdə tutulmuş qurumların deqradasiyası səbəbindəndir. Bir sözlə, qida təhlükəsizliyi fonunda hərəkətsizlik xronikası etiraf edilir.

De-yure mövcud olan, amma de-fakto mövcud olmayan sanitar nəzarəti

Ermənistanda yerli ərzaq istehsalına, xüsusən də kiçik və orta fermerlərə nəzarət demək olar ki, yox dərəcəsindədir. Xüsusilə sanitar və fitosanitar nəzarətdən söhbət gedəndə effektivlikdən danışmaq belə mümkün deyil. Kiçik və orta fermerlərə gəldikdə, bu, mahiyyət etibarı ilə ümumiyyətlə, yoxdur. Guya ki, hansısa mexanizm var, amma həmin mexanizm yox kimi bir şeydir. Beləki, məsələn, de-yure, nəzarət var, pozuntular aşkar edilərsə, təftiş qurumları gəlib cərimə tətbiq edə bilər. Məsələn, mal-qara və ya ev quşları tələf olana qədər, yaxud fermerlər özləri şikayət etməyə başlayana qədər belə nəzarət haqqında söhbət belə gedə bilməz, çünki yoxdur. Bunun isə nəticələrinin necə olacağı bəllidir. Yəqin ki, çox acınacaqlı bir durumla qarşılaşacaqlarını haylar özləri hamıdan yaxşı bilirlər. Hər halda, bu qədər hay-haray salan hayların niyə narahat olduqlarını başa düşmək çətin deyil…

Kağız üzərində nəzarət və ya, real nəzarət əvəzinə “görüntü”

Ermənistanın bir sıra rayonlarda laboratoriya bazasının köhnəldiyini, bütün filialların lazımi avadanlıqla təchiz olunmadığını nəzərə alsaq, bu, yoxlamaların hansı səviyyədə aparıldığını söyləmək çətinlik törətmir. Əgər laboratoriya nəzarətindən danışırıqsa, məsələn, fitosanitar nəzarəti müzakirə mövzusu sayılırsa, demək olar ki, faktiki olaraq bu nəzarət həyata keçirilmir. Formal olaraq zərərvericilərin monitorinqi aparılır ki, bu da nəzəri olaraq təzahür edir. Lakin erməni mediasının da etiraf etdiyinə görə, mövcud məlumatlara əsasən, belə monitorinq heç aparılmır.

Səlahiyyətli orqanların saytlarındakı məlumatların nə dərəcədə aktual olduğuna haylar qətiyyən əmin deyillər. Əgər fitosanitar nəzarətə dair məlumatlar 2013-cü il səviyyəsində qalıbsa, hər şey bəlli olur. Hazırda karantin tətbiq edilən zərərvericilər, meyvə-tərəvəz və digər bitkiçilik məhsullarının xəstəlikləri və zərərvericiləri haqqında həmin saytlarda açıq şəkildə bircə dənə də məlumat yoxdur. Laboratoriya testlərinə gəlincə, onların faktiki icrasına haylar arasında ciddi şübhələr var. Çünki fitosanitar laboratoriyanın adı üç ilə yaxındır ki, çəkilmir. Onların ümumiyyətlə işlədiyinə əminlik belə ola bilməz. Ən azı meyvə-tərəvəz məhsullarının monitorinqi baxımından bunu söyləmək mümkün deyil. Heyvan mənşəli məhsulların sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş laboratoriyalardan danışarkən isə, haylar etiraf edirlər ki, mərkəzi laboratoriya İrəvanda yerləşir, hansıki onu tam olaraq laboratoriya adlandırmaq fikrində də deyillər. Deməli, vəziyyətin acınacaqlı olduğu elə kağız üzərində nəzarət və ya, real nəzarət əvəzinə görüntüdən bəllidir.

Heyvan mənşəli məhsullara ümumiyyətlə, nəzarət həyata keçirilmir

Bəli, heyvanların brusellyoz xəstəliyinə tutulması ilə bağlı guya ki, planlı tədbirlər həyata keçirilir. Guya ki, onların bəziləri peyvənd olunurlar. Amma ümumilikdə bu sahədə ciddi uyğunsuzluq var. Ümumiyyətlə, heyvanların sağlamlığı və qida təhlükəsizliyi sahəsində vahid və yoxlanılmış siyasət qətiyyən yoxdur.

Normativ bazaya gəlincə, son illər beynəlxalq birlik adlanan qurumun köməyi olmadan da müxtəlif strateji sənədlər hazırlanıb ki, indiki hökumət guya gözə soxmaq üçün onları təmtəraqla öz xarici tərəfdaşlarına təqdim edir. Lakin, bir qayda olaraq, onlar praktikada həyata keçirilmir axı. Bu sənədlər daha çox, bir növ yalnız beynəlxalq proqramlara uyğun olaraq hazırlanır. Ərzaq məhsullarının keyfiyyətinə, istehsalına və təhlükəsizliyinə, xüsusən də təsərrüfat səviyyəsində faktiki olaraq real nəzarət yoxdur.

Qida təhlükəsizliyi sistemi qətiyyən işləmir

Hazırda Ermənistanın özünün daxili bazarına daxil olan məhsulların təhlükəsizliyini təmin etmək üçün hansısa mexanizmlər mövcuddurmu? Əgər mövcuddursa belə, onlar beynəlxalq standartlara nə dərəcədə uyğundurlar? Tutaq ki, mövcud mexanizmlərdən danışırıqsa, deməli, onları tam hüquqlu adlandırmaq olduqca çətindir. Söhbət sərhəddə fəaliyyət göstərən və idxal olunan məhsulların sanitar və fitosanitar nəzarətinə formal şəkildə də olsa, cavabdeh olan səlahiyyətli orqan və onun ixtisaslaşmış bölmələrindən gedir. Sistem həmçinin fitosanitariya, baytarlıq və qida təhlükəsizliyinə cavabdeh olan bütün təftiş strukturlarını da əhatə edir.

Bununla belə, erməni mediasının da etiraf etdiyi mövcud məlumatlara əsasən, qida təhlükəsizliyinə cavabdeh olan bütün təftiş strukturları, yumşaq desək, bu gün əksər dövlət qurumları kimi məhz formal və lazımi səmərəlilik olmadan fəaliyyət göstərirlər. Mahiyyət etibarı ilə həmin strukturlar, sadəcə olaraq, qida təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsinə görə maaş alan dövlət qurumlarıdırlar. Lakin reallıq bundan ibarətdir ki, hökumət daxili bazara daxil olan ərzaq məhsullarının təhlükəsizliyinə real nəzarəti qətiyyən həyata keçirmir və sadalananlar qida təhlükəsizliyi sisteminin ümumiyyətlə, işləmədiyini təsdiqləyir.

Ermənistana idxal olunanalar müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik standartlarına qətiyyən cavab vermirlər

Sərhəddə, bir qayda olaraq, yalnız məhsul sertifikatları yoxlanılır. Belə sertifikatlar altında dəqiq nə idxal olunduğunu haylar heç təsəvvür də edə bilməzlər. Bir çox ölkələrdə hətta sertifikatla belə daxil olan şübhəli məhsullar əlavə olaraq laboratoriyada bir daha yoxlanılır. Amma bunu Ermənistan haqqında qətiyyən söyləmək olmaz. Ermənistanda olan bugünkü hansısa dırnaqarası səlahiyyətli orqanın, məsələn, Avropadan və ya Amerikadan gələn məhsullara şübhə belə etmək üçün kifayət qədər cəsarəti də çatmır.

Bəzən, məsələn, ət məhsulları ilə bağlı erməni mətbuatında ayrı-ayrı partiyaların laboratoriya müayinəsindən keçirildiyi və idxalına icazə verilmədiyi barədə məlumatlar yer alır. Amma bu, dənizdə bir damladır. Bu cür hallar daha çox istisnadır və bir qayda olaraq, “qərəzlə” yoxlamanın nəticəsidir. Əgər Ermənistana idxal olunan bütün ərzaq məhsulları həqiqətən qərəzsiz və hərtərəfli yoxlanılsaydı, əminik ki, onların 50 faizindən çoxu utilizasiyaya məruz qala bilərdi. Çünki haylar da yaxşı bilirlər ki, ölkələrinə idxal olunanalar müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik standartlarına qətiyyən cavab vermirlər. Məhz elə hayların hay-küyləri də buna görədir.

Epidemiyaların ört-basdır edilməsində Ermənistan hökumətinin rolu və marağı

Bütün ölkə üzrə, xüsusən də ucqar rayonlarda, əyalətlərdə və kənd yerlərində ərzaq məhsullarının keyfiyyətinə sistemli şəkildə nəzarət etmək üçün Ermənistanda kifayət qədər kadr potensialı, texniki və maliyyə resursları varmı? Düşünmürük ki, Ermənistanın, müflis bir ölkənin, rəzil durumda olan bir ölkənin kifayət qədər resursları var. Nə kadr, nə texniki, nə də maliyyə resursundan söhbət belə gedə bilməz. Əslində, belə resurslar Ermənistanda heç vaxt olmayıb və çox güman ki, yaxın gələcəkdə də olmayacaq.

Bu gün haqqında qeyd olunanlarla məşğul olunmadığını görürük. Görürük ki, Ermənistan hökuməti heyvan xəstəliklərinin, bitki xəstəliklərinin, zərərvericilərin yayılmasının və digər təhlükələrin sistemli şəkildə gizlədilməsi ilə məşğul olur. Bütün bunlar əlbəttə ki, “səs-küyün”, yəni narazılıqların qarşısını almaq üçün edilir. Amma başa düşülmür ki, “gizlədilmə” sayəsində ortaya çıxa bilən epidemiyalar daha dəhşətli sonluq vəd edir. Quduzluqla bağlı da vəziyyət eyni şəkildə qorxuludur haylar üçün. Səlahiyyətli orqanlar erməni ictimaiyyətini dərhal məlumatlandırmaq məcburiyyətində olduqları halda, problemi mümkün qədər tez “susdurmağa”, ört-basdır etməyə çalışırlar. Haylara məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara görə, təkcə son 10 gündə Ermənistan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına quduzluq halları ilə bağlı üç bildiriş göndərib. Amma bununla belə, yerli səviyyədə bu hallarla bağlı ümumiyyətlə, ictimaiyyətə bir dənə də məlumat verilmir. Digər heyvan xəstəliklərinə gəlincə, məsələn, brusellyoz, dabaq, Nyukasl xəstəliyi və başqaları da az deyil Ermənistanda, lakin onların aşkar edilməsi və onlara qarşı mübarizə yox dərəcəsindədir. Təsadüfi deyil ki, ümumi mənzərə məhz hayların qarayara və digər təhlükəli infeksiyalara yoluxma halları ilə təsdiqlənir. Buna baxmayaraq, qida təhlükəsizliyinə, epidemiyalara, digər təhlükələrə baxmayaraq, hələ də hərəkətsizlik xronikası Ermənistan üçün xarakterikdir…