Siyasət

“İlk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklif etdi”


“Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni ilə bağlı əldə edilən razılaşma sırf Azərbaycanın təşəbbüsü və qətiyyəti sayəsində mümkün olub. Bu razılşama rəsmi Bakının davamlı təzyiqi nəticəsində əldə edilən razılaşmadır. Yəni ilk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklifi ilə çıxış etdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistanın bütün sülhdən yayınma cəhdlərinə baxmayaraq, Azərbaycan həmin sazişdəki müddəalarla bağlı Ermənistan tərəfinin yekunda müsbət cavab verməsinə nail oldu: “Bu, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməsindən və ədalətli mövqeyindən irəli gəldi. Nə Ermənistan, nə onların havadarları Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərində kiminsə maraqlarının tapdanmasına, hansısa hüquq normasının pozulmasına rast gələ bilmədilər. Bu səbəbdən beynəlxalq miqyasda da bu təkliflərin əleyhinə hər hansı bir kampaniya aparmaq imkanında olmadılar. Nəticədə Azərbaycan və Ermənistan tərəfindən məlum sülh sazişinin mətni razılaşdırıldı.

Amma sülh sazişinin mətni ilə bağlı razılşmanın olması sülh sazişinin imzlanlanması üçün yetərli deyil. Bunun üçün Azərbaycanın irəlis ürdüyü şərtlərin öz həllinin tapması lazımdır. Çünki bu şərtlərin hər ikisi kifayət qədər ədalətli şərtlərdir. Xüsusən də Konstitusiya ilə bağlı Azərbaycanın tələbi başqa hər hansı bir formada şərh oluna bilməyən tələbdir. Çünki əgər bir ölkənin ana qanununda başqa bir ölkəyə qarşı ərazi iddiaları öz əksini tapıbsa, nəticə etibarı ilə Ermənistan hakimiyyətinin, Konstitusiya Məhkəməsinin nə deməsindən asılı olmayaraq, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaları ilə bağlı bəyanatları quru açıqlamadan başqa bir şey deyil. Çünki sabah Konstitusiya Məhkəməsinin hakimləri dəyişsə fərqli yanaşma olacaq. Kim zəmanət verə bilər ki, bu belə ola bilməyəcək? Çox rahat şəkildə sülh sazişindən imtina edib bunun Konstitusiyaya uyğun gəlmədiyini deyə bilərlər. O üzdən, Konstitusiyanın dəyişdirilməsi mütləqdir və başqa yol yoxdur.

Minsk qrupundan imtina da əsaslandırılmış tələbdir. Çünki münaqişə bitib. Münaqişə yoxdursa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o zaman Minsk qrupuna nə ehtiyac var? Üstəlik, artıq bütün danışıqların ikitərəfli formatda aparıldığı bir şəraitdə belə bir quruma heç bir ehtiyac yoxdur.

Bu baxımdan hesab edirəm ki, İrəvanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur. Amma indiki halda Paşinyanın Konstitusiya dəyişikliyi üçün referendum keçirməsi ehtimalı da yoxdur. Məlumdur ki, Ermənistan 2026-cı ildə keçirilməsi nəzərdə tutulan seçkilərə hazırlaşır. Belə olan halda indi Konstitusiya dəyişikliyinə gedib ilin sonuna qədər sülh sazişin imzlanması mümkünsüz görünür. İndi Azərbaycan və Ermənistan arasında ən yaxşı halda özündə Ermənistanın Konstitusiya dəyişikliyi və Minsk Qrupundan imtina öhdəliyini ifadə edən hansısa çərçivə sənədi və ya niyyət protokolu imzalana bilər”.