Tramp da müharibəyə qoşulur – bölgə üçün gizli planlar işə salınır…
Çox güman ki, qarşıdakı müddətdə bu müharibənin yeni tərəflərini və dağıdıcı dalğasını görəcəyik”
“İran və İsrail arasında başlanan müharibə əslində on illərdir davam edən əsəb müharibəsinin və psixoloji hədələmənin hərbi davamıdır. Açıq-aydın görünür ki, Yaxın Şərq bölgəsi üçün yeni siyasi layihə hazırlanır və bu müharibə də o prosesi gerçəkləşdirmək üçün aparılır. Əlbəttdə, azacıq siyasətlə məşğul olan istənilən adama məlumdur ki, bu səbəbsiz müharibənin əsas “ağıl küpü” ABŞ-dır”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı yaranan gərginlikdən sonra məsələni diplomatik və danışıq üslubunda həll etmək əvəzinə birbaşa hərbi münaqişəyə başlamaq əslində Yaxın Şərq üçün nəzərdə tutulan yeni gizli planların tərkib hissəsidir: “İran-İsrail müharibəsi neçə on illiklər əvvəl aparıcı Qərb dövlətlərinin İraqda kütləvi qırğın silahı axtarmaq bəhanəsi ilə Bağdada hücum etmələrini xatırladır. Belə görünür ki, müharibə və qan tökmək üçün təkcə əsassız bəhanə yetərlidir. Bu gün Tehran və Təl-Əviv-in qarşılıqlı bombardmanları və dron hücumları sadəcə prosesin ilkin mərhələsidir.
Diqqət edin: ABŞ prezidenti Donald Tramp G7 Sammitini təcili tərk edib Vaşinqtona qayıdır və ABŞ Təhlükəsizlik Şurasının iclasını çağırır. Açıq-aydın görünür ki, ABŞ bu müharibənin ideya müəllifidir və çox güman ki, istənilən an müharibəyə aktiv şəkildə qoşulacaq. Bir məsələ aydındır ki, Vaşiqnton İsrail vasitəsi ilə bölgədə yeni situasiyanın və qaydaların yaradılması üçün çalışır. Çox güman ki, qarşıdakı müddətdə bu müharibənin yeni tərəflərini və dağıdıcı dalğasını görəcəyik”.