Sosial

“Ailə anlayışında mühüm dəyişikliklər baş verib”


“Müasir dövrdə cəmiyyətin inkişafı ilə paralel olaraq ailə anlayışında da mühüm dəyişikliklər baş vermişdir. Xüsusilə, şəhərləşmə prosesi və texnologiyanın sürətli inkişafı ailə quruluşuna, ailə üzvləri arasındakı münasibətlərə və rol bölgüsünə ciddi təsirlər göstərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu dəyişikliklər bir tərəfdən həyat şəraitini asanlaşdırsa da, digər tərəfdən ailə dəyərlərində və funksiyalarında yeni çağırışları da gündəmə gətirmişdir: “Ənənəvi kənd həyatında geniş ailə tipi – nənə, baba, valideynlər və uşaqların bir yerdə yaşadığı model daha çox üstünlük təşkil edirdi. Şəhərləşmə ilə birlikdə bu struktur dəyişmiş, nüvə ailə, yalnız valideynlər və uşaqlardan ibarət olan daha kiçik ailə modeli yayılmışdır. Bu dəyişiklik bir sıra sosial və emosional nəticələrə səbəb olmuşdur:

Valideyn-uşaq münasibətləri daha sıx və fərdi hala gəlmişdir.

Ailə dəstək sistemləri zəiflədiyi üçün uşaqların tərbiyəsində və yaşlılara baxımda çətinliklər yaranmışdır.

Şəhər həyatının tələbləri ailə üzvlərini daha çox iş və sosial fəaliyyətlərə yönəltdiyindən birgə vaxt keçirmə imkanları azalmışdır.

Texnologiya, ailələrin ünsiyyət tərzindən tutmuş gündəlik həyat tərzinə qədər hər bir sahəyə təsir göstərmişdir. Mobil telefonlar, sosial şəbəkələr və müxtəlif elektron cihazlar ailə üzvləri arasında əlaqənin formasını dəyişdirmiş, lakin bəzən real ünsiyyətin azalmasına da səbəb olmuşdur. Məsələn: Uşaqlar və gənclər vaxtlarının böyük hissəsini onlayn platformalarda keçirdikləri üçün ailə daxilində münasibətlər zəifləyə zəifləmişdir. Digər tərəfdən, texnologiya valideynlərə təhlükəsizlik və nəzarət imkanları da təqdim edir. Məsələn, uşaqların yeri izlənilə bilər. Ər-arvad arasındakı münasibətlərdə soyuqluqa səbəb ola bilər.

Son onilliklərdə qadınların təhsildə və iş həyatında fəal iştirakı artmışdır. Bu, ailə münasibətlərində və rol bölgüsündə mühüm dəyişikliklərə səbəb olmuşdur: Əmək bölgüsündə tarazlıq: Qadınların işləməsinin sayının artmasına təsir etmişdir.

İqtisadi müstəqillik qadınlara daha çox söz haqqı və qərarvermə gücü qazandırmışdır. Hərçənd ki, bunun mənfi tərəfləri də vardır. Evdə ər-arvad arasında dominantlıq bu səbəbdən qadına keçmişdir. Bu dəyişikliklər bəzi hallarda ailə daxilində gərginliyə və gözləntilərin toqquşmasına da gətirib çıxara bilər”.

“Ənənəvi ailə modelində kişi ailənin başçısı, qadın isə evin qayğıkeşi rolunu oynayırdı. Müasir dövrdə bu bölgü getdikcə dəyişir: Ailə daxilində cinsiyyətə görə deyil, bacarıq və imkanlara görə bölgü üstünlük qazanır. Bu da bizim milli və dini dəyərlərimizə tamamiylə ziddir. Bu, gender bərabərliyini təşviq etsə də, müsəlman cəmiyyətlərində sosial ziddiyyətlərə səbəb olur.

Ailənin sosial rifahını yaxşılaşdırmaq, həyat yoldaşına dəstək üçün qadınların işləməsi müsbət haldır, amma bu qadının ıqtisadi azadlığa çıxdıqdan sonra ailədə dominant olmasına gətirib çıxarmamalıdır. Qadının gəlirləri çox olsa belə, evdə dominant kişi olmalıdır. Uşaqların tərbiyəsində həm ananın, həm də atanın fəal rolu onların emosional və sosial inkişafına müsbət təsir göstərir” – deyə o, əlavə edib.