Azərbaycan Kağızsız Ticarət Şurasının 4-cü sessiyasında iştirak edib
Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Kağızsız Ticarət Şurasının 4-cü sessiyasında və Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında iştirak edib. SİA bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, Tailandın paytaxtı Banqkokda baş tutmuş tədbirdə ölkəmizi Komitə sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiyalar Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlərin və fəaliyyətin müəyyən edilməsi məqsədilə keçirilib.
Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında prioritet vəzifələrin icrası ilə bağlı məsləhətləşmələr, Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üçün Milli Komitələrin təsis edilməsi, sənədlərin elektronlaşdırılması və qarşılıqlı tanınması, fərdi fəaliyyət planları barədə fikir mübadiləsi aparılıb, potensialın gücləndirilməsi strategiyaları və əməkdaşlıq planları müzakirə olunub.
Kağızsız Ticarət Şurasının iki günlük sessiyasında üzv dövlətlərin yekdil səsverməsi ilə N.Şirinov Kağızsız Ticarət Şurası iclasının sədr müavini seçilib.
Sessiyada Daimi Komitənin təqdim etdiyi tövsiyələr müzakirə edilib, üzv dövlətlərin məruzələri dinlənilib.
N.Şirinov sessiyada çıxış edərək xarici ticarətdə elektron bir pəncərə sisteminin yaradılması istiqamətində görülən işlər, malların və nəqliyyat vasitələrinin sərhəd qeydiyyatında və gömrük rəsmiləşdirilməsində süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) tətbiqi, “Rəqəmsal gömrük dəyəri” layihəsi, eləcə də digər ölkələrlə qarşılıqlı məlumat mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.
Sessiyanın sonunda Kağızsız Ticarət Şurası hesabat qəbul edib. Hesabatda Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasının nəticələrinin məqbul hesab edildiyi vurğulanıb, tövsiyyə standartlarının qəbul olunması və təqbiqi, həmçinin Çərçivə Sazişinin reallaşdırılması məqsədilə texniki və maliyyə dəstəyinin göstərilməsi, potensialın gücləndirilməsi ilə bağlı mümkün təlimlərin və təşviqat-təbliğat tədbirlərinin həyata keçirilməsi və digər məsələlər öz əksini tapıb.