Siyasət

“Çatışmayan cəhətlər hər yerdə olur, bu sahədə də var”


“26 İyun Azərbaycan Ordusunun, Milli Ordumuzun günü – Silahlı Qüvvələr Günüdür. Demək olar ki, ilk ordumuz müstəqil dövlət kimi, Cümhuriyyət dövründə 1918-ci ildə yarandı. Yarandığı dövrdən etibarən Azərbaycanın dövlətçilik yolunda, Cümhuriyyətin qorunub saxlanmasında, düşmənlərə qarşı aparılan mübarizədə bu ordunun böyük təsiri oldu”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.

O bildirib ki, qısa bir müddət ərzində Cümhuriyyət dövründə yaranmış Milli Ordumuz həm mövcud düşmənlərin qarşısını ala bildi, həm də ehtimal olunan və təhlükə yarada biləcək istiqamətlərdə müxtəlif mübarizə sahələrində dövlətçiliyimizin və Cümhuriyyətimizin təhlükəsizliyini mümkün qədər qorumağa nail oldu: “Yarandığı gündən etibarən Azərbaycanın dövlətçilik yolunda, Cümhuriyyətin qorunub saxlanmasında, düşmənlərə qarşı aparılan mübarizədə bu ordunun böyük rolu oldu.

Təbii ki, qısa bir zamanda peşəkar, böyük bir ordu qurmaq asan məsələ deyildi, bu, demək olar ki, mümkün deyildi. Amma buna baxmayaraq, həmin çətin şəraitdə belə ordu formalaşdırıldı və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Amma ən əsas məqam odur ki, Silahlı Qüvvələrimizin tarixini yazdılar. Bu gün görürük ki, ordumuzun yaranmasından 100 ilə yaxın vaxt keçib. Bu isə artıq böyük bir tarix üçün əhəmiyyətli bir uğurdur. Sonradan Sovetlər dövründə ordumuz ləğv olundu. Lakin Sovet İttifaqı dağıldıqdan sonra ordumuz yenidən yarandı, demək olar ki, bərpa olundu. O dövrdən bu günə qədər ordumuz çətin yollar keçdi.

O zamanki vəziyyət hamımıza məlumdur, Sovet ordusu dağılmışdı. Onun bazasında yeni, müstəqil bir dövlətin milli ordusunu qurmaq çox çətin idi. Həm peşəkar baxımdan çətinliklər vardı, həm də zabit heyətimiz az idi. O dövrdə orduda olanların hamısı rus-sovet məktəbində təhsil almışdılar. Bəziləri orduya cəlb olunmuşdu, bəziləri isə xüsusi xidmət üçün Rusiyaya göndərilmişdi. Təhlükəsizlik baxımından çox həssas bir zamanda, Rusiyanın özü tərəfindən bizim ordumuza yerləşdirilmişdilər. Məqsəd təkcə xidmət etmək deyil, Azərbaycan ordusuna nəzarət etmək idi. Sonra döyüş başladı. Düşmən torpaqlarımıza hücum etdi. Amma bütün çətinliklərə, hazırlıqsızlığımıza, güvənsizlik mühitinə, çətin şərtlərə baxmayaraq bizim əsgərlərimiz, Silahlı Qüvvələrimiz, yeni formalaşan ordumuz düşmənə qarşı müqavimət göstərməyi bacardı. Lakin təcrübəsizlik, nizamsızlıq və ümumi qeyri-sabitlik səbəbindən torpaqlarımızın bir hissəsi işğal olundu. Biz çaşqın idik, hazırlıqsız idik, peşəkar ordumuz yox idi. Amma şükürlər olsun ki, zaman keçdikcə ordumuzu yenidən formalaşdırdıq. Onu gücləndirdik, modernləşdirdik, və dünya standartlarına uyğun şəkildə qurmağa başladıq. 44 günlük Vətən Müharibəsi bunun açıq və qürurverici nümunəsidir. Birgünlük antiterror əməliyyatı da bunu bir daha təsdiqlədi. Həmin dövrdə Azərbaycan Ordusu təkcə yenidən qurulmadı, tamamilə dəyişdi, çevrildi. Müasir silahlanmadan tutmuş döyüş taktikalarına, peşəkar komandanlığa və intizamlı quruluşa qədər hər şey dəyişdi. Zabitlərimiz davamlı şəkildə həm ölkə daxilində, həm də xaricdə təlim almağa başladılar. Bacarıqları inkişaf etdi, idarəetmə qabiliyyətləri gücləndi. Ordu daha peşəkar, daha müstəqil və daha güclü oldu. Bu dəyişikliklər və islahatlar ordumuzun yeni dövrünü formalaşdırdı, bu gün dünya bu ordu ilə hesablaşır. Bizim ordumuz mükəmməl bir qüvvədir. Bunun nəticəsi olaraq, biz bütün dünyaya sübut etdik ki, Azərbaycan Ordusu artıq 90-cı illərdə formalaşan zəif bir ordu deyil. Bu ordu artıq tam formalaşıb və güclənib. Onun hərbi arsenalında dünya standartlarına uyğun silahlar, texnikalar, avadanlıqlar və digər müasir döyüş vasitələri yer alır.

Ordumuzun formalaşması ilə yanaşı, milli hərbi sənayemiz də inkişaf edib. Bu gün biz harada olsaq da, silah və texnika istehsal edə bilirik. Öz ordumuzu milli brendimiz altında təmin edir, eyni zamanda bu məhsulları ixrac edə bilirik. Başqa sözlə, Azərbaycan Ordusunda tətbiq olunan yeni texnologiyalar, innovativ yanaşmalar və müasir sistemlər onu çağdaş bir orduya çevirib. Müasir ordu artıq təkcə insan gücünə deyil, texniki üstünlüyə əsaslanır. Bizim ordumuz da bu istiqamətdə düzgün yol seçib. Hazırda biz müxtəlif ölkələrin orduları ilə inteqrasiya edirik, xüsusilə də qardaş ölkələrin orduları ilə yaxın əməkdaşlıq qururuq. Yeni model və yanaşmaları qəbul edirik. Bir daha göstəririk ki, nə Rusiya standartlarına, nə də tam şəkildə NATO standartlarına bağlı deyilik, biz öz yolumuzu seçmişik”.

“Silahlı qüvvələrdə yeni nəsil yetişir. Daha dəqiq və doğru desək, qarşılıqlı informasiya ilə əlaqəli ordunun idarə olunması sahəsində böyük təcrübələr toplanır. Yenə deyirəm ki, 44 günlük müharibədə qarşılıqlı əlaqənin qurulması təcrübəsizliyi dərindən üzə çıxardı.

Bütün əsgərlərimizi təbrik edirəm. Ordumuz gündən-günə daha da güclənir. Komandanımızın da dediyi kimi, biz ordumuzu daha da möhkəmləndirəcəyik və bunu etməliyik. Ölkəmizdəki iqtisadiyyatın ayrı bir şəkildə inkişaf etməsi, şəhərdə təlimlərin on dəfə artıq aparılmasına necə sevinməyək? Bütün bunlar ona görədir ki, Azərbaycan Ordusu güclənir və daha peşəkarlaşır.

Çatışmayan cəhətlər hər yerdə olur, bu sahədə də var. Amma mən inanıram ki, zaman-zaman bu problemlər aradan qaldırılacaq, həqiqətən də, nizamlı, intizamlı, daha peşəkar Azərbaycan Silahlı Qüvvələri ordusu özünü tam şəkildə sübut edəcək. Bir daha bütün bayramımız mübarək olsun!” – deyə o, əlavə edib.