Sosial

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunur


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının rəsm əsərləri Cənubi Koreyanın Pyonqtek şəhərində keçirilən 2025-Beynəlxalq Uşaq İncəsənət Mübadiləsi Sərgisində nümayiş etdirilir. “Pyeongtaek” Beynəlxalq Mübadilə Fondunun təşkil etdiyi sərgi bu il “Dünyamız üçün sülh” mövzusuna həsr olunub. Sərgidə Mərkəzin benefisiarları Davud İsmayılzadə, Süleyman Hüseynzadə, Behbud İsmayılzadə, Məryəm Əliyeva, Gülər İsmayılzadə və Elmira Əlimanlının həmin mövzuda çəkdikləri rəsm əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanır.

Sərginin açılış tədbirində Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin nümayəndələri də iştirak edib. Pyonqtek şəhərinin meri Jung Jang Seon və digər çıxış edənlər mədəniyyətlərarası dialoqa töhfələrinə görə iştirakçı ölkələrə təşəkkürlərini bildiriblər.

Əl işlərində həssas qruplardan olan uşaq və yeniyetmələrin insanlar arasında harmoniya və qarşılıqlı anlaşma, sülh, cəmiyyətdə bərabərlik haqqında bağlı düşüncələri əks olunub. Dünyanın 30-dan çox ölkəsindən 300-ə yaxın əl işinin təqdim edildiyi sərgi iyulun 11-dək davam edəcək.

Mətləb Salahov