Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb
İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, komitə sədri Sadiq Qurbanov gündəliyə 4 məsələnin – “Qaz təchizatı haqqında“ (ikinci oxunuş), “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “İstilik təchizatı haqqında ” (üçüncü oxunuş), “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil olduğunu bildirib.
Əvvəlcə “Qaz təchizatı haqqında“ qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Məlumat verilib ki, bu qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək, həmçinin qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.
Sonra gündəliyin ikinci məsələsi – “Elektroenergetika haqqında” Qanuna təklif olunan dəyişiklik barədə məlumat verilib. Bildirilib ki, qanun layihəsi elektroenergetika sektorunda sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Layihədə istehlak səviyyəsindən asılı olmayaraq, hər bir istehlakçı üçün sabit tarifin aylıq ödəniş elementi kimi müəyyənləşdirilməsi, bu tarif vasitəsilə paylayıcı sistem operatorunun sabit xərclərinin qarşılanması nəzərdə tutulur. Eyni zamanda, layihədə sabit tarifin tətbiqindən irəli gələn məsələlər, elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri də tənzimlənir.
Gündəliyin üçüncü məsələsi olan “İstilik təchizatı haqqında” (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verən komitə sədri Sadiq Qurbanov deyib ki, sənəd istilik enerjisinin istehsalı, paylanması (ötürülməsi), satışı və istehlakı ilə bağlı yaranan münasibətləri, bu sahədə dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətlərini, istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini tənzimləyəcək və istehlakçıların istilik təchizatı ilə təminatının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəliyin sonuncu məsələsi – “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. O, qanun layihəsinin “Elektroenergetika haqqında” Qanunun 13.2-ci maddəsinin qüvvəyə minmə müddətinin dəyişdirilməsi məqsədilə hazırlandığını söyləyib. Bildirilib ki, hazırkı variantda maddənin 2025-ci il iyulun 1-də qüvvəyə minməsi nəzərdə tutulsa da, təklifə əsasən bu müddətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi məqsədəuyğun hesab olunur.
Komitənin sədr müavini Fatma Yıldırım, üzvləri Vüqar Rəhimzadə, Asif Əsgərov qanun layihələri ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələrin sonunda qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.