“Prezidentin fərmanı yalnız maddi deyil, həm də mənəvi məna daşıyır”
“Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı fərmanla bir daha ölkədə təqaüdlərin, mükafatların və sosial mühafizə tədbirlərinin artırılması istiqamətində mühüm bir addım atdı. Bu fərman, şübhəsiz ki, cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanı əhatə edir və onların rifah halının yaxşılaşdırılmasına yönəlmiş əhəmiyyətli bir təşəbbüsdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu addım Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin davamıdır və bu istiqamətdə verilən ilk qərar deyil. Son illər ərzində sosial sahədə aparılan islahatlar və həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə sosial ədalətin təmin olunmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir: “Xüsusilə qeyd olunmalıdır ki, bu fərmanın 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində imzalanması həm rəmzi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. 15 İyun Azərbaycan xalqının yaddaşına təkcə Qurtuluş Günü kimi deyil, eyni zamanda 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə də həkk olunub. Hər iki hadisə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətçiliyin bərpası və güclənməsi baxımından tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsinin imzalandığı günün məhz Qurtuluş Gününə təsadüf etməsi də təsadüfi deyil. Bu günlər bir-biri ilə üzvi şəkildə bağlıdır və tarixi baxımdan bir məntiqi ardıcıllığın davamı kimi dəyərləndirilməlidir.
Bu günlərdə imzalanan Prezident fərmanı yalnız maddi deyil, həm də mənəvi məna daşıyır. Bu, həm dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir, həm də xalq-dövlət birliyinin bariz nümunəsidir. Artıq Azərbaycan öz gücü ilə inkişaf edən, dayanıqlı iqtisadiyyata malik olan, siyasi sabitliyini qoruyan və regional güc mərkəzinə çevrilmiş müasir bir dövlətdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan zəfərlər və ardıcıl islahatlar nəticəsində ölkəmiz təkcə hərbi sahədə deyil, sosial-iqtisadi və humanitar sahələrdə də ciddi irəliləyişlər əldə edib.
Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan vətəndaşı ən yüksək rifah səviyyəsinə, layiqli həyat şəraitinə malik olmalıdır. Bu istiqamətdə atılan hər bir addım – istər əməkhaqlarının artırılması, istər təqaüdlərin genişləndirilməsi, istərsə də sosial müavinətlərin əhatə dairəsinin genişləndirilməsi – insan kapitalına verilən önəmin göstəricisidir. Odur ki, bu fərmanı da ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi, vətəndaşa yönəlmiş diqqət və qayğının daha bir nümunəsi kimi qiymətləndirmək olar. Nəticə etibarilə, bu fərman təkcə sosial müdafiənin gücləndirilməsi baxımından deyil, həm də vətəndaş-məmur münasibətlərinin möhkəmlənməsi, dövlətə olan etimadın artırılması və ictimai sabitliyin qorunması baxımından da mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşına verdiyi dəyərin və dövlət başçısının xalqa olan xidmət fəlsəfəsinin bariz təzahürüdür”.