“Qarabağ və Şərqi Zəngəzurun inkişafı, çiçəklənməsi hamımızın arzusudur”
“”Böyük Qayıdış” proqramı uğurla inkişaf edir və icra olunmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, bu proqram bir sıra sahələri əhatə edir: “Çünki nəzərə almaq lazımdır ki, bir tərəfdən ərazilər minalardan təmizlənir, digər tərəfdən infrastruktur obyektləri inşa olunur. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Ən önəmli məsələ onların məşğulluğunun təmin edilməsidir. Burada Kiçik və Orta Sahibkarlığın inkişafı üzrə Dövlət Agentliyinin və digər aidiyyatı orqan və strukturların, İqtisadiyyat Nazirliyinin, Məşğulluq Xidmətinin birgə fəaliyyəti nəticəsində hesab edirəm ki, əhalinin məşğulluğunun təmin edilməsi planı üzərində də gərgin fəaliyyət icra olunmaqdadır.
Biz işğaldan azad olunmuş ərazilərə səfər edəndə də görürük ki, burada istehsal və xidmət müəssisələri yaradılır. Müxtəlif sahibkarlıq subyektləri fəaliyyət göstərir. Bir tərəfdən dövlət büdcəsinə vergi ödəyirlər, digər tərəfdən öz tələbatlarının ödənilməsi üçün çox mühüm imkan əldə edirlər. Hesab edirəm ki, dövlət dəstəyi və qayğısı bu məsələdə daha da genişlənməlidir. Çünki Qarabağ və Şərqi Zəngəzurun inkişafı, eləcə də çiçəklənməsi, bərpası hamımızın istəyi, arzusudur. Nə qədər tez Qarabağ və Şərqi Zəngəzur bərpa olunarsa, bu yeni geosiyasi reallıqların da legitimləşdirilməsi, eləcə də siyasi-iqtisadi prioritetlərin daha da geniş məzmunda icrasına gətirib çıxaracaqdır. Bu baxımdan hesab edirəm ki, məşğulluq məsələsi bütün ölkə ərazisində olduğu kimi Qarabağ və Şərqi Zəngəzur ərazisində də çox mühüm məsələdir. Bu məsələlər mərhələ-mərhələ öz həllini tapmaqdadır”.