Sosial

Uşaqlarda yaş sindromları nə ilə əlaqədardır?


“Uşaq psixologiyası müəyyən yaş dövrlərinə bölünür. Bu bölgülərin əsas məqsədi – uşaqların hansı yaş mərhələsində hansı psixoloji inkişafa malik olduqlarını, hansı çətinliklərlə qarşılaşdıqlarını və bu dövrlərdə valideynlərin hansı mövqedə dayanmalı olduqlarını müəyyən etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, psixoloji inkişaf zamanı müxtəlif yaş böhranları müşahidə olunur. Ən çox rast gəlinənlər arasında 3 yaş böhranı, 7 yaş böhranı və yeniyetməlik dövründə meydana çıxan mənlik böhranı qeyd oluna bilər: “Bu dövrlərin hər biri uşağın psixoloji və emosional inkişafında əhəmiyyətli mərhələ hesab olunur. Kiçik yaşlı uşaqlarda xüsusilə 3 yaş böhranı özünü aydın şəkildə göstərir. Bu dövrdə uşaqlarda “mənlik” anlayışı formalaşmağa başlayır. Onlarda müstəqil davranışa meyl artır: “özüm edəcəm”, “özüm bacaracam” kimi ifadələr və davranışlar sıx-sıx müşahidə olunur. Əgər uşaq istədiyini əldə edə bilmirsə, aqressiv və emosional davranışlar sərgiləyə bilər. Bu, valideyn üçün çətinlik yaratsa da, əslində uşağın psixoloji inkişafının təbii bir mərhələsidir. Oğlan uşaqlarında ataya qarşı müəyyən qədər soyuma və anaya emosional bağlılıq yaranır. Qız uşaqlarında isə bunun əksi baş verir – ata ilə daha sıx emosional münasibət, ana ilə isə müəyyən məsafə müşahidə oluna bilər.

Bu mərhələdə valideynlərin davranışı olduqca önəmlidir. Onlar uşağın böhran yaşadığını anlamalı, səbirli olmalı, sərt cəza və qadağalardan uzaq durmalıdırlar. Ən böyük səhvlərdən biri isə uşağı sakitləşdirmək üçün ona telefon və ya planşet verməkdir. Bu, qısamüddətli həll kimi görünsə də, uzunmüddətli dövrdə uşaqda texnoloji asılılığın formalaşmasına səbəb ola bilər.

7 yaş böhranı adətən məktəbə başlama dövrü ilə üst-üstə düşür. Bu mərhələdə uşaq sosial mühitə daxil olur, məktəb və müəllimlər ilə yeni münasibətlər qurur. Oxuma və yazma kimi əsas bacarıqların öyrənilməsi bəzən uşaqlar üçün çətin və stressli ola bilər. Əgər uşaq dərslərdə çətinlik çəkirsə və ya aşağı qiymətlər alırsa, bu zaman özünəqapanma, motivasiya itkisi və ya aqressiv davranışlar müşahidə edilə bilər. Bəzi uşaqlar dərsdən uzaqlaşmağa və təhsildən soyumağa meylli olurlar.

Əgər uşaq 3 yaş böhranını valideyn dəstəyi ilə sağlam şəkildə keçibsə, bu onun 7 yaş böhranına da daha rahat uyğunlaşmasına kömək edir. Eyni zamanda bu, gələcəkdə – 12-13 yaşlarında başlayan yeniyetməlik böhranını da daha balanslı və sakit şəkildə keçirməsinə zəmin yaradır. Nəticə etibarilə, uşaqların psixoloji inkişaf dövrləri ardıcıl və bir-biri ilə əlaqəlidir. Valideynlər bu mərhələlərdə uşaqlarına anlayışla yanaşmalı, onların emosional ehtiyaclarını nəzərə almalı və düzgün istiqamətləndirmə aparmalıdırlar. Uşağın hər bir yaş böhranı onun şəxsiyyətinin formalaşması üçün bir fürsətdir. Bu fürsəti düzgün dəyərləndirmək isə valideynlərin, müəllimlərin və ümumilikdə böyüklərin məsuliyyətidir”.