Sosial

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi


“Azercell Könüllüləri” sosial məsuliyyət fəaliyyətini davam etdirərək xüsusi diqqət və qayğıya ehtiyacı olan ahıl və uşaqları bir araya gətirən tədbir təşkil edib.

Belə ki, Azercell-in təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin uşaqları, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.

Bu təşəbbüsə “Aztelekom” MMC-nin əməkdaşları və “Enteskedu” Rəqəmsal Bacarıqlar Mərkəzi də qoşularaq tədbirin sosial təsir dairəsini daha da genişləndiriblər.

Ümumilikdə 100-dən çox böyük və gənc nəslin nümayəndələrini bir araya gətirən bu təşəbbüsün əsas məqsədi nəsillərarası ünsiyyəti gücləndirmək və qarşılıqlı sosial inteqrasiyanı təşviq etmək olub.

Tədbir çərçivəsində iştirakçılar üçün əyləncə proqramı, yaradıcı fəaliyyətlər və musiqili çıxışlar təşkil olunub.

Qeyd edək ki, “Azercell Könüllüləri” 2004-cü ildən etibarən müxtəlif xeyriyyə layihələrində fəal iştirak edir. Təşkilat qayğıya ehtiyacı olan sosial qruplara davamlı dəstək göstərməklə sosial məsuliyyət mədəniyyətinin inkişafına və dayanıqlı ictimai təsirin formalaşmasına töhfə verir.