Siyasət

Bir qrup xarici jurnalist Diaspor Komitəsində olub, beynəlxalq media ilə əlaqələr müzakirə olunub


Bir qrup xarici jurnalist Diasporla İş üzrə Dövlət Komitəsində olub, sədr müavini Elşad Əliyevlə görüşüblər. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bunlar “Report” İnformasiya Agentliyinin ABŞ bürosunun əməkdaşı Vüsalə Abbasova, İtaliyanın “İtalpress” xəbər agentliyinin ABŞ müxbiri Stefano Vakkara və “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti, iordaniyaəsilli jurnalist Jordan Dakamsehdir.

Sədr müavini qonaqlara azərbaycanlıların vahid diaspor şəbəkəsinin yaradılması ideyası barədə məlumat verərək qeyd edib ki, hazırda 70 ölkədəki həmvətənlərlə geniş əlaqələr mövcuddur və diasporun mərkəzləşdirilmiş formada işləməsi üçün Koordinasiya Şuraları yaradılıb, dünyanın 20 ölkəsində 30 Azərbaycan Evi açılıb.

Onlar Azərbaycan, ümumilikdə regionla bağlı məlumatlılıq səviyyələrinin artmasına bu səfərin ciddi təsir göstərdiyini söyləyiblər. Qənaət və müşahidələrini bölüşən jurnalistlər Azərbaycan dövlətinin diasporun inkişafı ilə bağlı ciddi səylər göstərdiyini, öz təcrübələrində bu cür hallara, demək olar ki, rast gəlmədiklərini və müsbət mənada təəccübləndiklərini dilə gətiriblər. Xarici jurnalistlər təmsil etdikləri ölkələrlə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına diqqət çəkib, ölkə ilə bağlı obyektiv məlumatların yayılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular, o cümlədən Dövlət Komitəsinin və diasporun xarici media ilə əlaqələri, Azərbaycan diasporunun müharibə və postmüharibə dövründə informasiya savaşının güclü tərəfinə çevrilməsi, beynəlxalq medianın obyektiv fəaliyyəti kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.