Siyasət

“Gərginlik uzun sürərsə, regionda bır sıra iqtisadi təsirlər ehtimal ediləndir”


“İran-İsrail arasında yaranmış gərginlik uzun sürərsə, regionda bır sıra iqtisadi təsirlər ehtimal ediləndir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, əgər İran-İsrail müharibəsi şiddətlənərsə və davam edərsə, bu, ilkin olaraq neft qiymətlərinə təsir edə bilər: “Hansı ki, neft istehsal edən ölkələrin müharibəyə qoşulması neft bazarında daha ciddi fəsadlara, qiymət artımlarına gətirib çıxara bilər

İran kimi böyük neft hasil edən ölkələrin iştirakı qlobal neft bazarına təsir göstərə bilər. İran və İsrail arasında münaqişənin potensial gərginləşməsi qlobal neft qiymətlərinə əhəmiyyətli təsir göstərməklə yüksək inflyasiya kimi daha uzunmüddətli və genişmiqyaslı iqtisadi təsirlərə səbəb olması da gözləniləndir. Regionda müşahidə edilən geosiyasi gərginliklər, neft hasil edən regionlarda tədarükün kəsilməsi və ya azalması səbəbindən qiymətlər artarsa, bu, inflyasiya təzyiqlərini gücləndirə bilər. Yaxın Şərqdə alovlanan bu yeni müharibə ilə neft qiymətlərinin sıçrayışı səbəbindən inflyasiyanın yüksək səviyyədə qalması ehtimalı çoxdur.

İran-İsrail müharibəsinin müddəti uzanarsa, iqtisadi təsirləri qlobal və regional iqtisadiyyatların bir çox istiqamətlərində özünü büruzə verəcəkdir. Bu münaqişənin təsir dərəcəsi münaqişənin müddətindən, intensivliyindən və beynəlxalq reaksiyalardan asılı olaraq dəyişəcəkdir. Bütün hallarda isə, qlobal bazarlarla yanaşı, yerli iqtisadiyyatlarda da uzunmüddətli təsirlər ola bilər. Müharibənin cəmiyyətə, ayrı-ayrı insanlara psixoloji təsirləri, tibbi xərclərin artımı, ətraf mühitin bərpası kimi fəsadları da nəzərə alsaq, bu təsirlərin illərlə davam etdiyini, hətta növbəti nəsillərə də öz mənfi təsirini göstərdiyini görəcəyik”.