Geosiyasi vəziyyətin əmlak bazarına təsirləri NƏLƏRDİR?
“Cərəyan edən geosiyasi proseslər fonunda son 15–17 ildə İran əleyhinə yönəlmiş təzyiqlər və beynəlxalq sanksiyalar region ölkələrinə müxtəlif formalarda təsir göstərmişdir. Xüsusilə də Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi və diplomatik təzyiqlər müəyyən sosial və iqtisadi narahatlıqlara səbəb olmuşdur ki, bu da bəzi varlı və yüksək təbəqəyə mənsub şəxslərin ölkəni tərk etməyə can atmasına gətirib çıxarmışdır”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, İran kifayət qədər böyük və resurslarla zəngin ölkədir: “Buna baxmayaraq, xarici təzyiqlər nəticəsində bir sıra zəngin şəxslər öz kapitallarını və şəxsi təhlükəsizliklərini qorumaq məqsədilə ölkədən çıxmağa çalışmışlar. Lakin bu miqrasiya dalğası genişmiqyaslı olmamış və əksəriyyət yalnız potensial təhlükələrdən ehtiyatlanaraq ehtiyatlı davranmağa üstünlük vermişdir.
Azərbaycana gələn bu kateqoriyadan olan şəxslərin sayı isə olduqca məhdud olmuşdur. Statistik göstəricilər göstərir ki, bu proses nəticəsində ölkəyə gələn şəxslərin sayı ümumi miqyasda İrandakı əhalinin və ya potensial miqrantların təxminən 0,5%-dən də az hissəsini təşkil etmişdir. Belə ki, son illər ərzində Azərbaycana gələn və burada müvəqqəti sığınacaq və ya iqtisadi fəaliyyət imkanı axtaran İran vətəndaşlarının sayı təxminən 300–500 nəfər civarındadır”.
Ekspert bildirib ki, hazırkı vəziyyəti təhlil edərkən demək olar ki, İran cəmiyyətində bu gərginliyə qarşı əvvəlki illərlə müqayisədə daha az panika müşahidə olunur: “Əvvəllər bu tip hadisələr əsasən şayiə və ehtimal səviyyəsində müzakirə edilirdi. Lakin indi artıq konkret hərbi əməliyyatların aparıldığını görürük. Bununla belə, İran əhalisinin əksəriyyəti bu hadisələrə qarşı gözlənildiyi qədər təşviş içində deyil və geniş miqyaslı miqrasiya əlamətləri müşahidə olunmur.
Azərbaycanın mövcud vəziyyəti və regional sabitliyi fonunda bəzi narahatlıqların səsləndirilməsinə baxmayaraq, düşünmürəm ki, bu prosesin ölkəmizin daşınmaz əmlak sektoruna əhəmiyyətli təsiri olsun. İran vətəndaşlarının bir faizi belə Azərbaycana gəlib burada daşınmaz əmlak alsa belə, bu, bazar üçün ciddi ölçüdə həlledici faktor sayıla bilməz”- deyə o əlavə edib.