Moskvada əsas qanun oğrularından birinə qarşı iş açılıb…
…Moskvada müstəntiqlər əsas qanun oğrularından biri, Suxumi oğruları klanının lideri, Merab Suxumi kimi tanınan 64 yaşlı Merab Canqveladzeyə qarşı cinayət işi açıblar.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, müttəhim bütün postsovet məkanında ən nüfuzlu oğrulardan biri hesab olunur.
Qeyd olunur ki, martda onun qardaşı Levan Tbilisidə baş verən sui-qəsddən sağ çıxa bilməyib.
Canqveladze Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“Cinayət iyerarxiyasında yüksək vəzifə tutma”) ilə şübhəli bilinir.
Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, o, 1985-ci ildən bu günə kimi Rusiya ərazisində müvafiq məxfi statusa, kriminal strukturların fəaliyyətinə təsir və nəzarətə malik olub.
Həmin şəxs dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. Onun hazırda xaricdə gizləndiyi güman edilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparır və saxlanılması üçün tədbirlər görürlər.
Bundan əvvəl Tbilisidə Rusiya kriminal dünyasının boz kardinalına qarşı repressiya əməliyyatının həyata keçirildiyi bildirilirdi.
Nazlı Almuradova