“Mövcud ticarət və beynəlxalq hüquqi sənədlər Orta Dəhlizin əhəmiyyətini daha da artırır”
“Orta Dəhliz hazırda strateji baxımdan mühüm əhəmiyyət kəsb edən bir nəqliyyat marşrutudur. Bu marşrut vasitəsilə yüklərin Çindən Avropaya çatdırılma müddəti əvvəllər təxminən 30 gün təşkil edirdisə, hazırda bu müddət 12–18 günə qədər azaldılmışdır. Bu isə nəqliyyat vaxtına əhəmiyyətli qənaət edilməsinə şərait yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, marşrut boyunca müasir texnoloji yeniliklərin tətbiqi və iri həcmli investisiya yatırımları həyata keçirilmişdir: “Bu infrastruktur yenilikləri nəticəsində yükdaşıma limanlarında logistika və gömrük imkanları genişlənmiş, bu isə öz növbəsində daşımaların keyfiyyətinə və operativliyinə müsbət təsir göstərmişdir. Beləliklə, bu marşrutdan istifadə edən dövlətlər bu nəqliyyat xəttinin üstünlüklərindən razılıq ifadə edirlər.
Orta Dəhliz üzərində yerləşən Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan ərazilərində dəmir yolu, liman və logistika mərkəzlərinin formalaşması elə bir şərait yaratmışdır ki, hətta Rusiya və Ukrayna ərazilərində müharibə şəraiti hökm sürdüyü hallarda belə, Orta Dəhliz marşrutunun əhəmiyyəti və istifadəsi qorunub saxlanılır.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm iqtisadi baxımdan səmərəli, həm də vaxt baxımından qənaətcil bir nəqliyyat alternativi kimi çıxış edir. Eyni zamanda, bu marşrut regional əməkdaşlığın dərinləşməsinə də töhfə verir. Xüsusilə də bu marşrut üzrə yerləşən dörd əsas dövlətin qarşılıqlı əlaqələrinin intensivləşməsi üçün əlverişli zəmin formalaşdırır”.
Sədr bildirib ki, bu çərçivədə gömrük inteqrasiyası, logistika sahəsində əməkdaşlıq, mövcud ticarət və beynəlxalq hüquqi sənədlər Orta Dəhlizin əhəmiyyətini daha da artırır və marşrut üzrə yerləşən dövlətlər arasında intensiv koordinasiya mexanizminin qurulmasına xidmət edir: “Qeyd olunan dövlətlərdə və bütövlükdə Avropa bazarında Çin istehsalı məhsulların üstünlük təşkil etməsi və bu məhsullara olan tələbatın yüksək olması, Çin mallarının Avropaya və marşrut üzərindəki digər ölkələrə çatdırılmasında Orta Dəhlizin mühüm rolunu daha da ön plana çıxarır.
Qeyd etdiyiniz kimi, Orta Dəhliz artıq təkcə alternativ bir nəqliyyat marşrutu kimi deyil, beynəlxalq səviyyədə mühüm əhəmiyyətə malik əsas nəqliyyat dəhlizi kimi tanınmaqdadır. Bu marşrut həm iqtisadi baxımdan səmərəli, həm də siyasi baxımdan daha sabit və təhlükəsiz hesab olunur ki, bu da onun uzunmüddətli davamlılığını təmin edən əsas faktorlardandır.
Eyni zamanda, iqlim və təhlükəsizlik faktorları da bu dəhlizin əhəmiyyətini artıran mühüm amillər sırasındadır. Xüsusilə, mövsümi keçidlərin sərt olmaması və iqlim şəraitinin daha sabit olması bu trayektoriyada logistik fasilələrin az yaşanmasına səbəb olur. Bu isə Rusiya və Ukrayna kimi marşrutlarda müşahidə olunan risklərdən fərqli olaraq, Orta Dəhlizi daşıyıcı şirkətlər üçün daha cəlbedici edir.
Əgər əvvəllər Orta Dəhliz yalnız alternativ bir nəqliyyat marşrutu kimi qiymətləndirilirdisə, son üç il ərzində bu dəhliz üzrə yükdaşımanın beş dəfə artması, onun funksional əhəmiyyətinin və strateji rolunun ciddi şəkildə yüksəldiyini göstərir. Nəticədə, bu marşrut artıq əsas nəqliyyat xətti statusuna yüksəlmişdir və perspektiv baxımından əvvəlki ənənəvi marşrutlardan daha əlverişli olduğu üçün onların əhəmiyyətinin azalmasına və ya istismardan çıxarılmasına səbəb olur”- deyə o əlavə edib.