Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib
“İsrail və İran arasında mövcud münaqişənin dayandırılması yolları bütün tərəflərin iştirakı ilə aparılmalıdır”. SİA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Rusiya lideri hər iki tərəfin maraqlarını təmin edən həll yollarının tapılmasının vacibliyini vurğulayıb. Putin qeyd edib ki, bu həllər eyni zamanda İranın sülh məqsədli nüvə energetikasını inkişaf etdirmək hüququnu tanımalı, həm də İsrailin yəhudi dövləti kimi təhlükəsizliyinə təminat verməlidir.
“Bu, çox incə bir məsələdir və ona son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Lakin mənim fikrimcə, ümumilikdə belə bir həll mümkündür”, – deyə o qeyd edib.
Vladimir Putin xatırladıb ki, Rusiya İranın Buşehr atom elektrik stansiyasının tikintisini başa çatdırıb və daha iki enerji blokunun inşası ilə bağlı müqavilə imzalayıb. Onun sözlərinə görə, Rusiya ilə İran arasında mövcud olan qarşılıqlı etimad bu sahədə əməkdaşlığı davam etdirməyə imkan verir.
Rusiya Prezidenti, həmçinin bildirib ki, münaqişənin mümkün həlli yolları ABŞ, İsrail və İran tərəfinə çatdırılıb. “Biz heç kəsə heç nəyi zorla qəbul etdirmirik, sadəcə olaraq, vəziyyətdən çıxışla bağlı öz baxışlarımızı bölüşürük”, – deyə o əlavə edib.