Dünya

Afrika ölkələrinin rəsmiləri Romaya toplaşıblar


İtaliyanın paytaxtı Romada “Mattei Planı” çərçivəsində Afrika ölkələrinin rəsmilərinin iştirakı ilə investisiya sammiti keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sammitdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Zambiya, Anqola, Konqo və Tanzaniya kimi ölkələrin rəsmiləri, eləcə də Afrika İttifaqı Komissiyasının, Afrika Maliyyə Korporasiyasının, Afrika İnkişaf Bankının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun rəhbərləri iştirak edirlər.

Ciorcia Meloni sammitin məqsədinin Afrika qitəsinin qərbini şərqinə birləşdirəcək “Lobito dəhlizi” kimi strateji infrastrukturlar üzrə prioritetləri nəzərdən keçirmək olduğunu deyib. Vurğulayıb ki, Afrikanın inkişafı Avropanı da gücləndirir.

Ursula Fon der Lyayen isə Avropa Komissiyasının qitədə real təsir yaratmaq və Afrikanın inkişafı üçün 7 saziş imzalayacağını bildirib. O, Aİ-nin 300 milyard avroluq investisiya proqramı çərçivəsində 150 milyard avronun Afrikaya yönəldiləcəyini də qeyd edib.

Xatırladaq ki, “Mattei Planı” ötən ilin yanvarında Romada keçirilən İtaliya-Afrika Sammitində qəbul edilib. Plan çərçivəsində Afrika qitəsinin müxtəlif ölkələrində ümumilikdə 22 layihənin həyata keçirilməsi nəzərdə tutulur. İtaliya ilkin layihələrə indiyədək 600 milyon avrodan çox vəsait ayırıb.