Azərbaycan-Dağıstan Əməkdaşlıq Planının müddəti 3-5 il uzadıla bilər
Azərbaycan və Rusiyanın Dağıstan bölgəsi 2023-2025-ci illər üçün nəzərdə tutulmuş əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Tədbirlər Planının müddətini daha 3-5 il uzatmaq niyyətindədir. SİA xəbər verir ki, bunu Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimov Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə respublikanın rəhbəri Sergey Melikovun görüşünün yekunlarına dair verdiyi açıqlamada bildirib.
Görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilib.
Ə.Əbdülmüslimov qeyd edib ki, görüş zamanı Melikov və Mustafayev Dağıstan başçısının Azərbaycana son səfəri zamanı qaldırdığı məsələləri müzakirə ediblər.
“Bu, ilk növbədə, Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlıq istiqamətləridir. Həmçinin 2022-ci ildə Azərbaycanla imzalanmış Planın bütün bəndlərinin icrası məsələsi də qaldırılıb. Plan 2025-ci ilə qədər tədbirləri əhatə edirdi və bu gün Şahin Abdullayeviç qeyd olunan dövr üçün planlaşdırılan tədbirlərin növbəti 3-5 il müddətinə davam etdirilməsi təklifi ilə çıxış edib”, – baş nazir bildirib.
Onun sözlərinə görə, 2025-ci ilə qədər nəzərdə tutulmuş sənəd Azərbaycan və Dağıstan arasında kənd təsərrüfatı, sənaye, turizm və biznesin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş tədbirləri əhatə edir.