Sosial

“İsti hava şəraitində bakteriyalar tez çoxalır”


“Yay fəslində əsas məqsəd bədəni həm susuzluqdan qorumaq, həm də daxili temperaturu normada saxlamaqdır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib.

O bildirib ki, bu səbəbdən su miqdarı yüksək olan qidalar tövsiyə olunur:

1. Xiyar, pomidor, kahı, aysberq, turp, kərəviz, şüyüd, cəfəri kimi göyərtilər

2. Qarpız, yemiş, çiyələk, albalı, moruq kimi mövsümi meyvələr

3. Süd məhsulları – kəsmik, qatıq, ayran (xüsusilə soyuq halda)

Bu tip qidalar həm orqanizmi sərinlədir, həm də toxluq hissi yaradır.

Qızmar yay günlərində hansı içkilər daha faydalıdır?

Ən önəmli içki sudur. Gün ərzində minimum 2.5–3 litr su qəbul olunmalıdır. Bunlardan əlavə:

• Cəfəri, limon, xiyar, zəncəfil, nanə ilə hazırlanan detoks suları

• Nanə, hibiskus, kəklikotu kimi soyuq dəmlənmiş bitki çayları

• Soyuq ayran və evdə hazırlanmış kompotlar (şəkərsiz)

Qazlı, süni şirinləşdiricili, rəngvericili içkilərdən çəkinmək lazımdır.

Yayda tez xarab olan qidaları necə qorumaq lazımdır?

İsti hava şəraitində bakteriyalar daha tez çoxalır. Bu səbəblə:

• Qidaları soyuducuda və ya termobag çantalarda saxlamaq vacibdir

• Ət, balıq, yumurta, süd məhsulları çox həssasdır – isti yerdə uzun müddət saxlanmamalıdır

• Çöldə yemək apararkən sadə, tez yeyilən və soyuducuya ehtiyacı olmayan qidalar seçilməlidir – məsələn, qoz-fındıq, meyvə dilimləri, evdə bişmiş plovlu qablarda toyuq, tərəvəz ruleti və s.

• Qablaşdırmada istifadə olunan qabların təmizliyinə və hava keçirməməsinə də diqqət yetirilməlidir.

Yay yeməklərində vitamin və mineral balansı necə təmin olunur?

Təbii, mövsümi və rəngarəng qidalarla balansı təmin etmək mümkündür:

• Günə proteinlə zəngin səhər yeməyi ilə başlamaq (yumurta, kəsmik, pendir, göyərti)

• Günorta tərəvəz və paxlalılarla zəngin salatlar (fasulye, mərcimək, kinoa və s.)

• Axşam daha yüngül, buxarda bişmiş və ya sobada hazırlanmış yeməklər (balıq, toyuq və tərəvəz)

• Gün ərzində meyvə, çərəz, toxumlar və göyərtilərlə mikroelementlərə zəngin dəstək vermək lazımdır

• Günəşli havalarda D vitamini ehtiyacı da təbii yolla qarşılanır.

Açıq havada yeyilən yeməklər (piknik, bağ yeməkləri) nə qədər sağlam olur?

Açıq havada yeyilən yeməklər, əgər düzgün hazırlanıb saxlanırsa, həm sağlam, həm də ruh üçün faydalıdır. Ən ideal seçim:

– Evdə hazırlanmış salatlar, toyuq və ya balıq qril, tərəvəz qəbabları, yoğurt əsaslı souslar və meyvə dilimləri.

– Əsas olan gigiyenik şərait, günəş altında uzun müddət saxlanmamaq və təmiz qablaşdırmadır.

– Mayonezli salatlar, kremlə zəngin tortlar və süni içkilər açıq hava üçün uyğun deyil”.