Siyasət

“Dünya faktiki olaraq üçüncü dünya müharibəsinə daxil ola bilər”


“İran-İsrail müharibəsi bu gün dünyanın diqqətini cəlb etdiyi kimi, dünyada baş verən proseslərə təsir etmək imkanına malikdir. Yəni bu gün bütün dünyanın diqqəti İranla İsrail arasında baş verən bu hava hücumlarına, bir-birinə qarşı raket hücumlarına, eyni zamanda hərbi hədəflər adı altında bir çox obyektlərin vurulması prosesinə yönəlib. Bütün dünyanın diqqətinin buraya yönəlməsi, həm də dünyada indiyə qədər əsas və prioritet məsələ olan Ukrayna münaqişəsinin belə arxa plana keçməsi onu göstərir ki, bu məsələ dünya iqtisadiyyatına, siyasətinə və geosiyasi proseslərə ciddi təsir göstərmək imkanındadır”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, İran-İsrail qarşıdurması dünyanın aparıcı güclərini ətrafına cəmləyə bilər. ABŞ başda olmaqla Qərb dövlətləri İsrailin yanında olacaq. Eyni zamanda İranın ətrafında da Çin, Rusiya, Pakistan, Şimali Koreya kimi dövlətlər toplaşa bilər. Bu isə faktiki olaraq dünya müharibəsinin başlanğıcı ola bilər. Bu müharibənin həm siyasi, həm də iqtisadi nəticələri olacaq: “Eyni zamanda Hörmüz boğazına nəzarət edir. Bu boğazdan dünya neftinin 25-30 faizi keçir. İran bu boğazı bağlayarsa, dünya enerji bazarına ciddi təsir edəcək, qiymətlər kəskin artacaq. Bu isə Avropa və Çin iqtisadiyyatına böyük zərər vuracaq. Qısamüddətli dövrdə Rusiya və ABŞ üçün sərfəli görünsə də, uzunmüddətli dövrdə bu, onların da maraqlarına zidd olacaq.

Nüvə silahı məsələsi də gündəmdədir. İsrail İranın nüvə obyektlərini vura bilər. Bunun üçün xüsusi bombalardan istifadə edilməlidir. Əgər bu bombalar kifayət etməzsə, taktiki nüvə silahı müzakirəyə çıxarıla bilər. Bu isə ikinci dəfədir ki, nüvə silahı istifadəsi real mövzuya çevrilir — birincisi Rusiya-Ukrayna müharibəsi zamanı idi.

Bütün bunlar onu göstərir ki, bu proseslərin hər an daha təhlükəli mərhələyə keçməsi mümkündür. Ona görə də beynəlxalq qurumlar, xüsusilə BMT və digər təsisatların, dövlətlərarası vasitəçilik imkanlarından istifadə edərək, bu prosesləri dayandırması vacibdir. Əgər bu alınmazsa, dünya faktiki olaraq Üçüncü Dünya Müharibəsinə daxil ola bilər və bu zaman nəticələrin qarşısını almaq mümkün olmayacaq”.

Xəyal Bəşirov sözlərinə davam edərək bildirib ki, İran-İsrail münaqişəsi fonunda Azərbaycan haqqında yayılan dezinformasiyalar artmaqdadır. Müxtəlif teleqram kanalları, o cümlədən Ermənistandan və Rusiyadan yayımlanan bəzi informasiya resursları iddia edirlər ki, Azərbaycan İsrailə dəstək verir: “Guya Azərbaycan ərazisindən İsrailə məxsus dronlar qalxır, ya da Azərbaycan İsrailin kəşfiyyat fəaliyyətlərini İran ərazisinə yönəldir. Bu iddialar tamamilə əsassız və təxribat xarakterlidir. Azərbaycan beynəlxalq hüquqa əsasən suveren dövlət kimi istənilən diplomatik nümayəndəliyini bağlamaq və ya açmaq hüququna malikdir. İranla diplomatik münasibətlərin səviyyəsinin dəyişməsi də bu çərçivədə dəyərləndirilməlidir. Bu addımlar yalnız təxribatların qarşısını almaq məqsədi daşıyır və regionda sülhün qorunması üçün atılıb.

Əgər Azərbaycan tərəfindən İrana kəşfiyyatçılar göndərilsəydi, İran bu şəxslərin ifadələrindən istifadə edərək açıq sübutlar təqdim edərdi. Amma belə faktlar yoxdur. Eyni zamanda, Azərbaycan ərazisindən havaya qalxan hər hansı hərbi vasitənin İrana doğru hərəkəti peyklər vasitəsilə dərhal müəyyən edilə bilərdi – lakin bu da sübut olunmayıb. Deməli, bütün bu iddialar Azərbaycana qarşı yönəlmiş təxribat xarakterli dezinformasiyadır.

Azərbaycan İsrail ilə yalnız ikitərəfli maraqlara əsaslanan münasibətlərə malikdir. İsrail, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, lazım olan silahların təmin edilməsində rol oynamışdır. Lakin bu, Azərbaycanın İsrailin bütün siyasətlərini dəstəkləməsi anlamına gəlmir. Azərbaycan dəfələrlə Fələstin dövlətinin yaradılmasını, 1967-ci il sərhədlərinə qayıtmağı və iki dövlət prinsipinə əsaslanan həlli dəstəklədiyini bəyan edib.

Azərbaycanın regiondakı əsas marağı sabitlik, təhlükəsizlik və iqtisadi inkişafdır. Ölkəmiz İranla da normal qonşuluq münasibətlərinin tərəfdarıdır. Son illərdə bu münasibətlər müsbət istiqamətdə inkişaf edib. Azərbaycan hər zaman bildirib ki, müharibə və qarşıdurma deyil, sülh və diplomatik həll tərəfdarıdır.

Coğrafi baxımdan Azərbaycanın yerləşdiyi region – Cənubi Qafqaz – bu gün geosiyasi və iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar regionu sülh və əməkdaşlıq məkanına çevirmək üçün tarixi fürsət yaradıb. Qərblə Şərq arasında ticarət və enerji layihələrinin keçdiyi bu ərazi bu gün həm Asiya, həm də Avropa üçün önəmlidir. Azərbaycan bu fürsətlərin reallaşması üçün sabitlik və təhlükəsizliyi əsas prioritet kimi görür.

Nəticə olaraq, Azərbaycan bölgədə sabitlik və sülhün tərəfdarıdır. Eskalasiyadan, hərbi münaqişələrdən və dezinformasiyalardan uzaq duraraq, beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini davam etdirir. Rəsmi Bakı həm regional, həm də qlobal səviyyədə sülhün təmin olunmasına dəstək verməyə hazır olduğunu bir daha bəyan edir”.