“Ölkəmizin müdafiəsi ordumuzun adı ilə bağlıdır”
“Azərbaycan ordusunun, silahlı qüvvələrimizin yaradılması hələ 1918-ci ildə zərurətdən formalaşan bir hadisə idi. Bu, o dövr idi ki, Azərbaycan əraziləri kənar qüvvələrin hücumuna məruz qalmışdı, ərazilərimiz işğal altında idi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, Azərbaycan xalqı özünün müdafiəsinə ehtiyacı var idi: “Belə bir dövrdə silahlı qüvvələrimizin yaradılması ilə bağlı qərar verildi. Həmin dövrdə hərbi rütbəli şəxslərin iştirakı ilə silahlı qüvvələrimizin yaradılması prosesinə başlanıldı. Həmin dövrdə də Azərbaycan ordusu ərazilərimizin müdafiəsi uğrunda döyüşlərə girdi.
1991-ci ildə də silahlı qüvvələrimizin oktyabr ayında yaradılması ilə bağlı qərarın verilməsi də məhz bu zərurətdən meydana çıxmışdı. Tale elə gətirib ki, həm də 1918-ci ildə, həm də 1991-ci ildə Azərbaycan ordusunun yaradılması, formalaşması, inkişafı dövrü səngərdə başladı. Silahlı qüvvələrimiz səngərdən, döyüş meydanından formalaşıb və praktik hərbi struktur kimi öz inkişaf dövrünə başlayıb. Ordumuzun əhəmiyyəti haqqında uzun danışmağa ehtiyac yoxdur.
Əsas məqamlar ondan ibarətdir ki, Azərbaycan ordusu həm 1918-ci ildə, həm də 1991-ci ildə olduğu kimi ərazilərimizə olan hücumların qarşısını alıb, inkişaf dövrü keçib. Nəhayət, silahlı qüvvələrimiz işğal altında olan əraziləri geri qaytarıb. Bu gün Azərbaycan xalqı Azərbaycan ordusu ilə fəxr edir. Təkcə ona görə yox ki, o, Azərbaycanın işğal altında ərazilərini azad edib, həm də ona görə ki, Azərbaycanın suverenliyi, bütövlüyü və bundan sonrakı güclü olması üçün onun üzərinə böyük məsuliyyət düşür. Ölkəmizin müdafiəsi məhz ordumuzun adı ilə bağlıdır. Bu gün silahlı qüvvələrimiz özünün yeni dövrünə qədəm qoyub, yeni inkişaf mərhələsinə qədəm qoyub. Silahlı qüvvələrimizin silah texnika parkı, döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan ordusu həm yerüstü əməliyyatların, həm raket artilleriya əməliyyatlarının, həm hava hücumundan müdafiə əməliyyatlarının həyata keçirilməsində olduqca peşəkar imkanlara malikdir. Hesab edirəm ki, silahlı qüvvələrimizin gələcəyi daha müasir və praktik ordunun formalaşması ilə davam edəcək”.