Dünya

Niger Fransa şirkətinə məxsus uran mədənini milliləşdirir


Niger hökuməti ölkədə uran mədənçiliyi ilə məşğul olan Fransanın “Orano” şirkətinin Somair uran mədənini tam milliləşdirmək qərarına gəlib. SİA yerli mediaya istinadla xəbər verir ki, hökumət bu addımı Fransanın “düşmən mövqeyi” və “Orano” şirkətinin məsuliyyətsiz və qanunsuz davranışlarına cavab olaraq atdığını bildirib. Bundan qabaq Niger hökuməti Fransa şirkətinə ixrac olunan uranın təxminən 86%-inə sahib çıxması ilə bağlı iradını bildirib və bunu pay bölgüsü prinsipinə zidd hesab edib.

Hökumət, eyni zamanda “Orano”nun davranışlarında bir sıra pozuntular aşkar etdiyini bildirib.

Qeyd edək ki, SOMAIR layihəsində səhmlərin 63,4%-i “Orano”ya, 36,6%-i isə Niger dövlətinə məxsusdur.

Bununla yanaşı, hökumətin həftəlik iclasında Niger Elektrik Şirkətinin də milliləşdirilməsi layihəsi qəbul edilib. Bu şirkət dövlətə məxsus qarışıq mülkiyyətli bir qurumdur və burada müxtəlif tərəflərin, o cümlədən Fransa İnkişaf Agentliyinin payları var.

Hökumətin yaydığı bəyanatda qeyd olunur ki, şirkətin tamamilə milliləşdirilməsi və bütün səhmlərin və əmlakın dövlətə nəql edilməsi prosesi qalan səhmdarlara maliyyə kompensasiyası verilməklə həyata keçiriləcək.

Eyni zamanda, şirkətin İdarə Heyəti ləğv edilib və dövlətin birbaşa idarəçiliyi üçün zəmin yaradılıb. Bu addım “effektiv yenidənqurma və elektrik siyasətlərində xalqın xeyrinə balansın yaradılması” məqsədi daşıyır.