akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib
İyunun 23-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Bakı Dövlət Universitetində “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” mövzusunda seminar təşkil olunub. SİA xəbər verir ki, tədbirdə ölkənin 40 ali təhsil müəssisəsindən 84 əməkdaş iştirak edib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov belə tədbirlərin ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşdırılması, dayanıqlı inkişafın təmin olunması və tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayıblar.
Seminarın əsas məqsədi institusional və proqram akkreditasiyasına ali təhsil müəssisələrinin hazırlıq səviyyəsini artırmaq, onlara metodoloji dəstək göstərmək və akkreditasiya prosesinin uğurla təşkil edilməsi üçün zəruri təcrübələri paylaşmaqdan ibarətdir.
Tədbirin ilk günü “Akkreditasiya prosesində ali təhsil müəssisələrinin və ekspertlərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə ali təhsil müəssisələrinin nümayəndələri və TKTA tərəfindən akkreditasiya proseslərinə cəlb olunmuş ekspertlər iştirak ediblər. Müzakirə zamanı ekspertlər və ali təhsil müəssisələrinin nümayəndələri akkreditasiya prosesində ali təhsil müəssisələrində müşahidə olunan güclü və zəif tərəfləri, proqram və institusional qiymətləndirmə arasında fərqləri, “Özünü təhlil hesabatları”nda rast gəlinən əsas çağırışlar, eləcə də akkreditasiyanın inkişafyönümlü qiymətləndirmə kimi tətbiqinə dair təcrübələrini bölüşüblər.
İki gün ərzində təşkil olunacaq seminar sessiyalarında TKTA əməkdaşları tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur. Sessiyalarda akkreditasiya mərhələləri, qiymətləndirmə meyarları, akkreditasiya prosesində sorğuların rolu, uğurlu akkreditasiya prosesini şərtləndirən amillər və “Özünütəhlil hesabatı”nın hazırlanması kimi mövzulara dair iştirakçılara praktiki nümunələr təqdim ediləcək, mövzular üzrə suallar cavablandırılacaq. Eyni zamanda, TKTA nümayəndələri tərəfindən konkret nümunələr əsasında izahatlar verilərək iştirakçıların təklifləri dinləniləcək.
Qeyd edək ki, TKTA öz Nizamnaməsinə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının tələblərə uyğun həyata keçirilməsi üçün mütəmadi şəkildə təlimlər təşkil edir və metodiki dəstək göstərir. TKTA tərəfindən ali təhsil müəssisələrinin akkreditasiya prosesinə hazırlığının artırılması üçün bu kimi təlimlərin ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.