Sosial

“Boşanmalar nə övlad üstündə, nə namus üstündə baş verir”


“Ailə büdcəsinin idarə edilməsi əslində ailə münasibətlərinə ən böyük istiqamətlərdən biridir. Subay insanın özünü dolandırmaq üçün qazancı yetərlidir, amma kimsə ailə məsuliyyətini dərk edib nikaha daxil olubsa, nəzərə almalıdır ki, ailə 2-3-4 nəfərdən ibarət ola bilər. Yaşlandıqca baba, nənə, qohum-əqrəbaya da kömək etmək lazımdır. Ona görə də, ailə həm də çox böyük iqtisadi modeldir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, yaxşı olar ki, ailənin hər iki tərəfi, övladlar bu məsuliyyəti dərk etsin, ailəni kiçik dövlət kimi qəbul etsinlər: “Vaxtında dərs oxusunlar, məktəbə getsinlər, məsuliyyətli olsunlar, qazanc əldə etsinlər. Əgər bu qazanc bərabərhüquqludursa, sözsüz ki, ailənin büdcəsini kollektiv şəkildə idarə etmək düzgün olar. Amma bu da həmişə mümkün olmur. Çünki Azərbaycan ailəsində əvvəllər daha çox kişilər, indi isə qadınlar qazanc əldə edirlər. Bu zaman qazanan insan az, ümumiyyətlə, qazanmayan ailə üzvündən daha ağıllı, çevikdir. Ona görə də, ailə büdcəsini evə daha çox gəlir gətirən insan müəyyənləşdirməli, idarə etməlidir. Bəzən ailələrimiz ona görə böhran içinə düşür, boşanma ilə nəticələnir ki, iqtisadi cəhətdən bilgiləri olan, bunu real tətbiq edən, pul qazanan ailə başçısı kənarda qalır, pulu qazancın çətinliyini bilməyən və pulun fəlsəfəsini anlamayan digər nəfər qazancı sağa-sola xərcləməyə başlayır. Ümumiyyətlə, havayı pul xərcləmək asandır, nəinki çətinliklə qazanılmış pul. Bu da ailədə böyük problemlərə gətirib çıxarır.

Bizdə isə tamam fərqli düşüncə tərzi formalaşıb. Əgər ailə başçısı atadırsa, mütləq o, çöldə işləməlidir, gərgin əməklə məşğul olmalıdır, gətirdiyini yoldaşına hesabat verməlidir. Həyat yoldaşı da özü üçün cürbəcür qızıl-zinət əşyaları, hər toya bir paltar almalı, rəfiqələri ilə gəzməyə getməlidir, uşaqların təhsil haqqından tutmuş ailənin məişət və sosial xidmətlər haqqına qədər hər şey qazanc gətirən (keçmişdə kişinin, indi isə daha çox qadınların) insanın üstünə düşür. Bu baxımdan ailələrdə münaqişələr baş verir, boşanmaların böyük əksəriyyəti həm də iqtisadi zəmindən yaranır. Boşanmalar nə övlad üstündə, nə namus üstündə baş verir, daha çox aliment almaq, əldə edilmiş varidatı bölmək üstündə yaşanır. Bu da bizim ailə büdcəmizin və ailə büdcəsinin idarə edilməsi ilə bağlı baxışlarımızı özündə əks etdirir.

Artıq belə kobud münasibətlərə son qoymaq lazımdır. İnsanlar anlamalıdır ki, ailə müqəddəs ocaq olmaqla yanaşı həm də iqtisadi təsisatdır. İnsanlar ümumin mənafeyi naminə qazanclarını bölüşməyə çalışmalıdırlar. Amma ən önəmli qərarın daha çox ailəyə qazanc gətirən insan tərəfindən verilməsi vacibdir”.