İqtisadiyyat

Maliyyə Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içib


23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Maliyyə Nazirliyində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub. SİA bu barədə nazirliyə istinadən xəbər veirr.

Məlumata görə, nazir Sahil Babayev dövlət qulluqçularının səmərəli fəaliyyətlərinin daim yüksək qiymətləndirildiyini, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamına əsasən, nazirliyin 9 əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalına, 1 əməkdaşının dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görüldüyünü bildirib.

Təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən S.Babayev indiyə qədər nazirliyin 105 əməkdaşının fəxri ad, orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.

Dövlət himni səsləndirildikdən sonra yeni əməkdaşlar and içərək onlara göstərilən etimadı doğruldacaqlarına, vəzifə borclarını vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər.

Dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərə xidməti vəsiqələr təqdim edən nazir təltif olunan, eyni zamanda Maliyyə Nazirliyində ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin müasir dövlət qulluğu sisteminin yaradılması və inkişafındakı əvəzsiz rolu xüsusi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub və dövlət qulluğu sahəsində vahid dövlət siyasəti formalaşdırılıb.