Sosial

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır


Saatlıda qarpız yığımına başlanılıb. Hazırda sahələrdən örtükaltı üsulu ilə becərilən bostanların məhsulu yığılır. Yerli bazardan əlavə xaricə də məhsul göndərilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Saatlıda bostanlardan məhsul yığımı bir həftədir başlayıb. Fermerlər əsasən hibrid sayılan tez yetişən sortlara üstünlük veriblər. Rayon sakini Şahmurad İmanov da bu il təsərrüfatında bostan bitkisinə yer ayırıb və hazırda məhsul tədarükünü gerçəkləşdirir. Bu il məhsul üçün bir sıra sortlardan istifadə etdiyini deyən fermer bildirib: “Ən tez yetişən qarpız sortu “Qrandis”dir. Digər sortlar isə “Karistan”, “Kral” və “Mesim”dir; bunlar “Qrandis”dən sonra yetişməyə başlayır. Seçdiyimiz bu sortlar F1 kateqoriyasına aid hibrid toxumlardır və əsas üstünlükləri tez yetişmələridir. Yerli sortlar da mövcuddur, lakin gec yetişdiyinə görə daha çox Türkiyə istehsalı olan toxumlara üstünlük vermişik. Hazırda məhsul yığımı davam edir”.

Bu il yaz fəslində havaların əlverişsiz keçməsi bostan sahələrinə də təsirsiz ötüşməyib. Məhsulun keyfiyyəti yüksək olsa da məhsuldarlıq fermerlərin hədəflədiyi kimi olmayıb.

Fermer Həsən Əlizadə bildirib ki, qarpızın vegetasiya dövründə havaların dəyişkən keçməsi həm məhsuldarlığa mənfi təsir göstərib, həm də məhsul yığımını gecikdirib. “Beş hektar sahədə qarpız əkmişik. Gözləyirdik ki, qarpızın qiyməti 50-60 qəpik olacaq, hazırda isə cəmi 30 qəpikdir. Düşünürəm ki, bu vəziyyət soyuq hava şəraiti ilə bağlıdır. Xarici bazarlara məhsul satışı olsa da, hələlik həcmi azdır. Digər bostanlara da baxırıq və ümumi götürdükdə bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə zəifdir”, – deyə fermer əlavə edib.

Saatlı bostanlarından tədarük olunan məhsullar yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Tədarükçü Fuad Mirzəyev bildirib ki, növbəti ayın ilk ongünlüyünə qədər xarici bazara məhsul göndərilməsi planlaşdırılır. “Yalnız Saatlıdan deyil, digər bölgələrdən də məhsul ixrac edirik. Hazırda Saatlı, Sabirabad və İmişli rayonlarından məhsul tədarük edirik, daha sonra isə Kürdəmir və Salyan rayonlarından məhsul almağı nəzərdə tutmuşuq. Xaricə çıxarılan məhsula əsasən tələbat Rusiya bazarlarından gəlir. Məhsullarımız Rusiyanın müxtəlif vilayətlərinə – Voronej, Kazan, Moskva, Sankt-Peterburq və digər şəhərlərə göndərilir”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda bostan sahələrində örtükaltı əkinlərin ilk məhsul yığımı aparılır. Növbəti mərhələdə sahələrdə suvarma işləri görüləcək və bir neçə gün sonra ikinci məhsul yığımına başlanacaq. İyul ayında isə açıq sahələrdə əkilən bostanların yığımı nəzərdə tutulub. Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 2025-ci ildə rayon üzrə 1345,5 hektar sahədə qarpız, 1043 hektarda isə yemiş becərilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 912 hektar yemiş sahəsindən 26 min 75,8 ton, 1623 hektar qarpız sahəsindən isə 61 min 903,2 ton məhsul tədarük olunub.