Sosial

Cəmi 2 ilə inşa olunan “8 Noyabr” Elektrik Stansiyası…


Bu gün Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 Noyabr” Elektrik Stansiyası ölkəmizdə öz növündə ən böyük və ən strateji obyektlərdən biridir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, agentliyin müxbiri stansiyada olub, “AzərEnerji” ASC-nin istehsal operatorunun baş mühəndisi Fariz Zeynalovla söhbət edib.

Prezident İlham Əliyevin 2022-ci il 25 oktyabr tarixli Sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Eelektrik Stansiyasının ərazisində elektrik stansiyasının tikintisinə qərar verilib və 2023-cü ildə 1880 MVt-lıq yeni stansiyanın təməlqoyma mərasimi keçirilib. Baş mühəndis deyir ki, Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertlər cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış AFRY şirkəti seçilib. Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması adətən 1 ildən çox vaxt tələb etsə də, İspaniyanın IDOM şirkəti ilə “AzərEnerji”nin Energetika İnstitutunun mütəxəssisləri tikinti işlərinə paralel olaraq layihələndirməni də həyata keçiriblər.

Stansiya ərazisində 15 min kubmetrdən artıq svay vurulub və 7200 ton metal konstruksiya işi görülüb. Dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda yeni qaz xətti inşa olunub, iki qaz paylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb. Yeni stansiyanın enerji sisteminə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin “Mingəçevir–Samux” ötürmə xətti və “Samux” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib.

Ümumi effektivliyi artırmaq məqsədilə “AzərEnerji” Mingəçevirdəki “Azərbaycan” İES-in iki enerji blokunun buxar turbinlərini modernləşdirib. Yeni elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə illik 1 milyard kubmetr təbii qaza qənaət etməyə və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını almağa imkan verir. Faydalı iş əmsalı 17 faiz artaraq, 38,5 faizdən 55,5 faizə yüksəlib.

Ərazi ilə tanış olarkən bildirildi ki, “8 Noyabr” müstəqillik dövrünün ən böyük elektrik stansiyasıdır. Stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal-material daşınıb. Çinin “Dongfang” şirkətindən alınmış, ümumilikdə, 40 min kubmetr həcmində 20 min ton çəkisi olan 4 ədəd util qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yolboyu körpülərin altı qazılıb və keçid təmin ediləndən sonra yollar bərpa olunub.

Fariz Zeynalovun sözlərinə görə, adətən belə böyük stansiyalar 3-5 ilə tikilsə də, Azərbaycan layihəni rekord müddətdə – 2 il ərzində tamamlayıb. Digər ölkələrdəki oxşar stansiyalarla müqayisədə bu stansiyanın tikintisinə xərclənən vəsait bir neçə dəfə az olub.

Onu da xatırladaq ki, işğalçı Ermənistanın silahlı qüvvələri Vətən müharibəsində Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır, yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tuturdu. Düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarının və onların Əlavə protokollarının tələblərini pozaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasını hədəf almaqla, cəbhə zonasından 100 kilometrdən artıq uzaqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə də raketlər atıb. Məqsəd ölkəmizin enerji infrastrukturunu iflic vəziyyətinə salmaq idi.

Dövlətimizin başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılışında bu barədə danışarkən deyib: “Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.

Prezident İlham Əliyev və qonaqlar açılış mərasimindən sonra Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə də baxıblar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də Mingəçevir Elektrik Stansiyasının ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.