Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev Azərbaycan Dəmiryolu Muzeyində Azərbaycan Turizm Bürosu ilə “Azərbaycan Dəmir Yolları” arasında tərəfdaşlıq memorandumlarının imzalanması ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, ADY və tərəfdaş qurumlar arasında imzalanmış saziş çərçivəsində turizm sahəsində birgə fəaliyyət planı həyata keçiriləcək: “Birgə fəaliyyət planına əsasən, dəmiryolu stansiyalarında turizm məlumat məntəqələrinin və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Regionlarda turist axınının rahatlığını təmin etmək məqsədilə qrup biletlərinin əlçatan edilməsi də nəzərdə tutulur”.
Sədr müavini əlavə edib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək: “Əməkdaşlıq regionlarda turizmin əlçatanlığını artıracaq, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək”.